Zəka Vilayətoğlu : - Ah, Ürək!

Ah, Ürək! Nə deyim sənə, bilmirəm,
Başıma hər gün bir oyun açırsan?!
Gah dolub boşalan bulud olursan,
Gah da Günəş kimi şəfəq saçırsan!
Baş aça bilmirəm istəklərindən,
Düşünsəm də belə içdən, dərindən!
Ruhum qopa bilər öz məhvərindən,
Sinəmdə çırpınır, quş tək uçursan!
Hər gün boşalırsan, hər gün dolursan,
Hər gün bir arzuya ana olursan.
Yetməyincə kama qəmdən solursan —
De, nədən küsürsən, kimdən qaçırsan?!
Ən gözəl arzular anasısan sən,
Hər arzun odunda yanasısan sən,
Tək bir acı sözdən sınasısan sən —
Neyləmək, əzəldən elə bu cürsən!
13.05.2025