Xanım İsmayılqızı : - Üstümdən xatirələr köz pərdəsindən keçir.

Üstümdən xatirələr köz pərdəsindən keçir.
Nəfəsi toxunanlar öz cərgəsindən keçir.
Bu yandan da bu külək...
Kərpic-kərpic hördüyüm zamanın vaxtı uçur.
Yaddaşımın dibində ayrılıq çoxdu, uçur.
Bu yandan da bu külək...
Hamı yatdığı yerdə oyaq olmağım gəlib.
Dünyanın hər üzünü görüb qalmağım gəlib.
Bu yandan da bu külək...
Bütün çılpaq ağaclar rəqs edir dəlim kimi.
Nə sonluğum kimidir, nə də əvvəlim kimi.
Bu yandan da bu külək...
Mənim günüm qaralıb, şəhərin üzü bozdu.
Payız qışa uduzdu, axı deyəsən yazdı.
Bu yandan da bu külək...
Qəminin məhbəsinə əsir düşənlər əsir.
Odunda, ocağında yanıb bişənlər əsir.
Bu yandan da bu külək...
Çalxalanır dəniz də, silkələnir hava da.
Gəl indi dayan görüm ləngər vuran yuvada.
Bu yandan da bu külək...
Qarışıb bütün hisslər, yolub özünü tamam.
Ağlımdakı fırtına atıb düzünü tamam.
Bu yandan da bu külək...
Gözlərimi açmışam, Allahımla təkəm, tək.
Bu təkliyimdə kiməm? İblis, Şeytan, ya Mələk?
Bu yandan da bu külək...