TƏBRİZİ GÖRDÜM - Ələddin Əzimli

Ədəbiyyat 11:18 / 05.05.2025 Baxış sayı: 1067

 

Ürəyim döyünür qəfəs içində,

Bu ki möcüzədir, Təbrizi gördüm.

Sərhədləri aşıb yolu keçəndə

Görüşdük, siz məni, mən sizi gördüm.

 

Sən demə, yuxu da haqq, çin olurmuş,

Doğmalar, əziələr qucaqlaşarmış,

İnsan xəyallara, fikrə dalarmış...

Şəhriyar uyuyan möcüzü gördüm.

 

Başı buludlara dəyən Şəhriyar,

Hər vaxt Heydərbaba deyən Şəhriyar,

Azərbaycan yurdun öyən Şəhriyar,

Dodağından qopan nur sözü gördüm.

 

Atdım niskilini bu ulu yurdun,

Mənə doğma dedin, burda qal dedin,

Qardaşlar, Təbrizi ziyarət edin,

Mən burda doğmamı, əzizi gördüm.

 

Təbriz yaddaşların daş qutusudur,

Həsrət çəkənlətçün "bir udum sudur",

Şeyx Səfiəddin qonşu yurdudur,

Xətai nurunu, gündüzü gördüm.

 

Gedirəm, bir daha qayıdam gərək,

Çünkü, aram deyil sinəmdə ürək,

Hələlik, bu günə şükürlər edək,

Əzəl paytaxtımı-mərkəzi gördüm,

İlahi şəhəri-Təbrizi gördüm...