Tahir Rzayev, millət  vəkili : - “Valyuta ehtiyatlarımızın  xarici borclarımızı 14 dəfə üstələməsi  dünya üçün bir nümunədir."

İqtisadiyyat 17:15 / 10.01.2025 Baxış sayı: 1240

“Azərbaycanın uğurları, həyata keçirilən mühüm layihələr, proqramlar, insanların rifah halının gündən günə yaxşılaşması və bir çox mühüm sosial məsələlərin həlli ölkənin iqtisadi inkişafı ilə sıx bağlıdır. Əlbəttə ki, iqtisadiyyatı davamlı və güclü olmayan bir ölkədə mühüm layihələrin həyata keçirilməsi mümkün deyil və Azərbaycanın timsalında biz bunun aydın ifadəsini görürük”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı, parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Azərbaycan iqtisadiyyatının son illərdə durmadan inkişaf etdiyini və möhkəmləndiyini vurğulayan komitə sədri Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə bu nəticələrin geniş şərh edildiyini xatırladıb: “Sözsüz ki, uğurlarımız hər bir vətəndaşda qürur hissi doğurur. Keçən il ümumi daxili məhsulun 4 faizdən çox, qeyri-neft sektorunun 6 faizdən çox, qeyri-neft sənaye sektorunun 7 faizdən çox artımı bir daha göstərir ki, Azərbaycan iqtisadiyyatı davamlıdır və əlbəttə ki, bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir”.

T.Rzayevin sözlərinə görə, əldə edilən bu uğurlar bir ilin nəticəsi deyil, son illər həyata keçirilən iqtisadi islahatların, əsaslı proqramların və layihələrin bir göstəricisidir: “Ölkəmizdə investisiya mühiti yaxşılaşdırılıb, inhisarçılığa qarşı ciddi mübarizə aparılır və sahibkarlığın inkişafına böyük önəm verilir. Bu, dövlət başçısını iqtisadi siyasətinin bariz bir nümunəsidir”.

Komitə sədri bildirib ki, valyuta ehtiyatlarımızın 72 milyard dollara çatması və keçən il 5 milyard dollardan çox artımın əldə edilməsi ölkədə yürüdülən iqtisadi siyasətin ardıcıl və davamlı olmasını göstərir:

“Valyuta ehtiyatlarımız xarici borclarımızı 14 dəfə üstələyir. Bu, dünya üçün bir nümunə kimi göstərilməlidir. Bu ilin dövlət büdcəsi Azərbaycan müstəqillik tarixində ən yüksək büdcədir. Büdcə xərcləri 41 milyard manatdan çoxdur, icmal büdcə isə 48 milyard manatı ötüb. Büdcənin artımı insanların sosial rifah halının yaxşılaşdırılmasına, ölkənin milli təhlükəsizliyinin təmin edilməsinə, müdafiə qabiliyyətinin güclənməsinə, işaldan azad edilmiş ərazilərin bərpasına və digər məqsədlərə yönəldilir. Büdcəmiz sosial yönümlüdür. Büdcənin 41 faizi əhalinin sosial rifah halının yaxşılaşdırılmasına yönəldilir. Əlbəttə ki, bütün məsələlərin əsasında ölkənin iqtisadi qüdrətinin yüksəldilməsinə önəm vermək, bu sahədə daha mühüm tədbirlərin həyata keçirilməsinə nail olmaq dayanır. Əldə edilən hər bir nəticə bizi qürurlandırır və gələcəyə nikbin baxmağa sövq edir”.