Siz də tanıyın- Rəsmiyyə Sabir...

YAZARLAR 09:17 / 06.05.2025 Baxış sayı: 1150

 

Yəqin ki, aranızda xalq artisti Eyyub Yaqubovun ifasında məşhurlaşan "Əlvida, Cəmilə!" mahnısını eşitməyən adam çətin tapılar. Bax, bu dəfə sizə həmin mahnının sözlərinin müəllifi Rəsmiyyə Sabir haqqında danışmaq istəyirəm. Rəsmiyyə xanım 1973-cü il sentyabrın 28-də Masallı rayonunun Ərkivan kəndində anadan olub. 1990-cı ildə orada orta təhsilini bitirərək Bakıya gəlib. Beş il indiki Azərbaycan Memarlıq və İnşaat Universitetində ali təhsilə yiyələnib. Oranı "Tikintinin iqtisadiyyatı və idarə edilməsi" ixtisası üzrə iqtisadçı-mühəndis kimi başa vurub. 1999-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. 2008-ci ildən həmin institutda Elmi katib vəzifəsində çalışır. İqtisad elmləri doktorudur...

Deyir ki:- “Mənim şeirlərimə xeyli məşhur mahnılar bəstələnib: "Qələmin gözündən indi yaş gəlir", "Bağışlama bizi Vətən". "Sözümün üstündə durmuşam, Allah". Hələ mahnıları qoyuram bir kənara. Sadalasam çoxdur. Sosial şəbəkələrdə müxtəlif adamlar tərəfindən şeirlərimin tez-tez paylaşıldığının da şahidi oluram. Mənə çox qəribə gəlir, bəzən heç özüm bəyənmədiyim şeirləri daha çox bəyənirlər...”

Azərbaycanda və xaricdə rus, ingilis, türk dillərində çap olunmuş 110 elmi əsərin, 1 fərdi monaqrafiyanın, eləcə də 1 dərslik kitabının müəllifi, o cümlədən 6 müştərək monoqrafiyanın həmmüəllifidir.

“Əlvida, Cəmilə” mahnısının sözlərini isə sifarişlə yazdığını dilə gətirir…

“Bu şeir bir oğlanın Cəmilə adlı bir qıza olan sevgisidir. Sifariş alıb yazmışam. Onun hisslərini özümdə ani olaraq təsəvvür edib, ayrılığı necə təsvir etmək olarsa, o cür də qələmə almışam. Mənim şeirlərim içərisində nə qədər özümə aid olmayan, başqalarının hekayətini əks etdirən şeirlərim, mahnı mətnlərim var. Mənim bir mahnı mətnim var ki, musiqisini Nadir Əzimov yazıb. Çox gözəl mahnı mətni idi, Rübabə Qarabağlı oxuyurdu. Sonradan o xanım deyəsən burdan köçüb getdi, məncə Türkiyədə yaşyır. Sənətdən də uzaqlaşıb. Sonrakı taleyin bilmirəm. Hətta ona klip də çəkdirib. “Get, mənim ömrümdən, birdəfəlik get”- bir evli oğlanla, subay qızın hekayətini anladırdı. Mənə bir xanım danışmışdı, çox duyğulanmışdım. Ona söz vermişdim ki, sənin sevgi hekayətini bir mahnıya döndərəcəm. Yazdım, Nadir müəllim bəyəndi və mahnı bəstələdi. Rübabə Qarabağlı da ona klip çəkdirib. Onu dinləyənlər elə bilirlər ki, mənim taleyimdir. Əsla, o mənim taleyim deyil.”- söyləyir.

2000-ci ildə Türkiyədə keçirilən I Beynəlxalq Füzuli şeir yarışmasının mükafatçısıdır. Yüzdən çox şeirinə mahnı bəstələnib. 2002-ci ildə onun sözlərinə yazılmış mahnılardan ibarət "Səni aradım" adlı audio albom işıq üzü görüb. 2003-cü ilin "Fəxri Gənc"i adını qazanıb. "Həbs olunmuş sükut", "Rəngsiz göz yaşları", "Sonun başlanğıcı", İraqda nəşr edilən "Kölgəsiz dar ağacları", Türkiyədə işıq üzü görən “Unutdun məni”, "Sahilsiz adam” adlı şeir kitablarının müəllifidir. Azərbaycanı müxtəlif beynəlxalq tədbirlərdə təmsil edib. Türk, rus və ingilis dillərindən tərcümələrin müəllifidir. Şeirləri özbək və Türkiyə türkçələrinə, rus, ingilis, bolqar dillərinə tərcümə olunub. 2014-cü ildə ədəbi nailiyyətlərinə görə Qırğızıstan Respublikasının “Coomert Bekenbaev” adına medala və “Altın diplom”a layiq görülüb. 2015-ci ildə Özbəkistanda yayılan “Kitab dünyası” qəzeti tərəfindən Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin yaxşılaşdırılmasındakı xidmətlərinə görə Fəxri Diplomla və zaman-zaman müxtəlif fəxri fərmanlarla, o cümlədən təşəkkürnamə ilə təltif olunub. Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü olub. Bir sözlə, uğurları çoxdur, hamısını sadalasam xeyli vaxt aparar...

Deyir ki:- “Mən kitablarıma heç vaxt maddi vəsait xərcləmirəm, xaricdə çap olunan kitablarım isə mükafatlar çərçivəsində işıq üzü görüb. Amma bu gün çoxu özü nəşriyyata vəsait ödəyir ki, mənim kitabımı dərc elə. Sözlərimə, yaradıcılığıma dəyər verənlər sağ olsunlar, mənim kitablarımı pulsuz çap edirlər. Satıb nəsə qazanırlarsa, onların işidir, mən maraqlanmıram.

Cəmiyyətdə qonorar olmalıdır. Mən Türkiyədə keçirilən şeir festivalından qonorar almışdım. Qardaş ölkədəki ənənə burada da olmalıdır.

Kimsə kitablarını az-çox satır, o da tanışlıqla olur. Kimin çox tanışı varsa, onun da çox kitabı satılır. Bizim ən çox tanınan gənc yazarlarımızdan biri Kəramət Böyükçöldür. Mən həmişə görürəm ki, parklarda kitablarını özü satır. Bazar iqtisadiyyatı ilə çalışan sistemdə bu olmamalıdır. İqtisadçı olduğumdan bilirəm. Nəşriyyat o işləri öhdəsinə götürməli, icra etməlidir. Yazar daha böyük işlərlə məşğul olmalıdır. Fundamental işdən ötrü xırda-para işlərlə məşğul olmalı deyilsən. Azərbaycanda biz bunu görmürük. Nə zaman formalaşacaq, onu da konkret deyə bilmərəm...”

...Sakit təbiətli xanımdır, mübahisə etməkdən xoşu gəlmir. Məntiqlə hərəkət etməyi xoşlayır. Əzmkardır, məqsədinə çatana qədər çalışmağa davam edir və qələbə qazanmasa dayanmır. Daxil olduğu mühiti təfərrüatı ilə araşdırıb insanlar haqqında özündə təəssürat yaradır. Onun zehnində gözəl bir tarazlıq var. Nəyin doğru, nəyin yanlış olduğunu yaxşı bilir və ona uyğun hərəkət edir. Məzmunlu adamdır, hər yerdə bu xüsusiyyətini qoruyub saxlamağı bacarır. Verdiyi hər bir qərarda israrlıdır. Xoş və enerjili rəftarı ilə seçilir və ətrafdakı insanların diqqətini çəkir. Bu da onu cazibədar və cəlbedici göstərir. Mübahisə etməyi xoşlamasa da, mübarizədən- öz hüquqlarını müdafiə etməkdən çəkinmir. Olduqca harmonik xasiyyətə malikdir...

Düşünürəm ki, bu söhbətimlə sizə alim, şair Rəsmiyyə Sabir haqqında az da olsa məlumat çatdıra bildim. Ona yeni-yeni yaradıcılıq uğurları, elmi nailiyyətlər arzulayıram... 

                                                                                                                                                                    Elman Eldaroğlu