Sevinc Qərib : - O SƏHƏR TANRI PAYSIZ OLMADI
jpg-1742057604.jpg)
Mən ölümün üzünə gülmədim,
heç ağlamadım da
üstümə çökən qaranlığın
ağırlıq ağrısından.
Səssizcə süzdüm
qara libaslı "qadını".
Cismimi qucaqlayan
bumbuz əllər,
alov sarmış kimi diksindi,
ölüm sevmədi məni,
itələdi əllərimi...
Ovcumda mürgüləyən
dualar diriydi,
nəfəs alırdı...
Nəfəs aldıqca havanı
bürüyən dua ətrindən
həyat doğulurdu.
Mələklər yerə enmişdi
o səhər,
gözlərində bulud-bulud
incilər...
Ciyərləri açılmışdı havanın
içinə çəkdiyi dua ətrindən,
göy üzü sevgidən xoşhal olurdu.
O səhər Tanrı paysız olmadı;-
mələklər yerə nur gətirib,
göyə dua apardılar...