Adilə Nəzər : - SEVDALANMAQ BİR BAŞQA ŞƏHƏRƏ...

Heç keçdimi qəlbindən
sevdalanmaq
bir başqa şəhərə,
bir başqa dənizə?
Xəzərdən başqa bir sevgilinin
ləpələrində uyumaq istədinmi?
Dalğalanmaq istədinmi
bir başqa tərəfin küləklərində?
Qarışdımı fikirlərin
İçərişəhərin dolanbac küçələri kimi?
Dayanan vaxtı oldumu ağlının
yollarındakı tıxaclar kimi?
Qaxaclar kimi…
quru və boş qaldımı əllərin
bu neft səltənətində
tindəki qocanın əlləri kimi?
O qədər rəvayət, hekayət danışdılar ki,
başından keçən…
Bəs sən?
başından keçdiklərini
xatırlaya bilirsənmi, Bakı?!
Yox, yox, bunlar ağır söhbətlərdir...
Danışma...
sənə sevdalananları mən tanıyıram...
sevdalandığın oldusa, ondan danış…
Heç keçdimi qəlbindən
sevdalanmaq
bir başqa şəhərə,
bir başqa dənizə?
Məsələn, İrəvana, Dərbəndə, Təbrizə?...