İslam TÜRKAY : - KEÇƏRƏM QIRMIZI İŞIQDA BİR GÜN

Ədəbiyyat 20:25 / 17.03.2025 Baxış sayı: 346

 

Sən qırmızı donda –alov dilimi,

Aləmi yandırıb-yaxarsan , gözəl.

Qaynar baxışların günəş selimi?--

Dünyama Günəştək baxarsan,gözəl.

 

Sən qırmızı donda –qəzəbli Sultan,

Baxaram həsrətlə, qara qul kimi.

Bir anda edərsən qanıma qəıtan

Yağar göz yaşlarım gümüş pul kimi.

 

Sən qırmızı donda-- qırmızı bayraq,

Qaşların,gözlərin –ayım,ulduzum.

Sən qırmızı donda—qızıl bir çıraq,

Əriyər nurunda qəm-kədər buzum.

 

Sən qırmızı donda-- qırmızı işıq,

Yolumda yanarsan, keçə bilmərəm.

Hər yan çən-dumandı, hər yan—qarışıq,

Bir özgə boyanı seçə bilmərəm...

 

...Bir gün şairliyim vurar başıma,

Yığıb yollarından gümüş pulları,

Çağırıb bir yerə qara qulları;

Götürüb gedərəm qızıl çırağı.

 

O aylı-ulduzlu qızıl bayrağı;

Əndərib başıma günəş selini,

Dərib qoxlayaram alov gülünü,

Keçərəm qırmızı işıqda bir gün!..