Bayram AğrıdağınNamələri

Gündəm 13:40 / 17.03.2025 Baxış sayı: 488

Alim-şair Bayram Ağrıdağın (Bayram Fəti oğlu Apoyevin) «Nərgiz» nəşriyyatı tərəfindən «Namələrim» adlı yeni kitabı çap olunmuşdur.

«Qabaqcıl təhsil işçisi» Bayram Apoyev uzun illərdir Gəncə Dövlət Universitetində elmi-pedaqoji sahədə çalışır. Bu fəaliyyətinin çox hissəsini pedaqoji fakültənin dekanı kimi məsul vəzifədə keçirən Bayram müəllim elmi sahədə böyük uğurlar qazanmışdır.

100-dən çox elmi əsərin, o cümlədən 20 adda monoqrafiya, dərslik tədris-metodik vəsaitlərin müəllifi olan Bayram müəllimin kitablarının 5-i dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuşdur.

AYB-nin üzvü, Prezdent təqaüdçüsü alim-şair Bayram Ağrıdağ elmi yaradıcılıqla paralel olaraq, bədii yaradıcılıq sahəsində nailiyyətlər əldə etmişdir. "Namələrim" kitabı onun oxucularla 8-ci poeziya görüşüdür. Beş bölmədən ibarət kitabın ilk üç bölməsinə şairin doğma Vətəni Azərbaycana, ata yurdu Qərbi Azərbaycanın Vedibasar mahalına Qarabağ müharibəsindəki Böyük Zəfərə həsr olunmuş şeirləri, son iki bölməyə isə sevgi fəlsəfi mövzularda şeirlər daxil edilmişdir.

Bu əsərlərin ictimai dəyərini nəzərə alan millət vəkili, akademik Nizami Cəfərov kitaba ön söz yazmışdır. Həmin yazını oxucuların diqqətinə çatdırırıq.

 

 

 

Bayram AğrıdağınNamələri

 

Gərgin ictimai, siyasi, mənəvi mübarizələr gedişində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması ( tamamilə təbii olaraq, bu bütövlüyün təminatının bütün tarixi-coğrafi Azərbaycan miqyası üzrə başa çatdırılması ehtiyacının yenidən gündəmə gəlməsi!) Azərbaycan cəmiyyətində olduğu kimi, ədəbiyyatında da böyük ruh yüksəkliyi əmələ gətirmişdir. Öz tərcümeyi-halını yurdunun, vətəninin, xalqının tərcümeyi-halından heç vaxt kənarda təsəvvür etməyən istedadlı şair Bayram AğrıdağınNamələri”, ilk növbədə, həmin ümumxalq ruh yüksəkliyinin ürəkdən gələn poetik əks-sədasıdır. Dahi həmyerlisi Nizami Gəncəvinin məşhurXəmsəsinin struktur üslubunu xatırladan formada qələmə alındığıNamələrbeş bölmədən ibarətdir: “Vətənnamə”, “Vedinamə”, “Şuşanamə”, “GülnaməHikmətnamə”. Onlardan ilk üçü, adlarından da göründüyü kimi, şəhidlərimizin canı, qazilərimizin qanı bahasına başa gəlmiş böyük Zəfərimizə həsr olunmuşdur. DördüncüNaməeşqdən, sevgidən, beşinci isə ağıldan, müdriklikdən bəhs edir ki, hər ikisi poeziyamızın ənənəvi mövzularındandır. Ancaq bu mövzulardakı şeirlərdə dövrün, zamanın qürurlu müzəffər ovqatı özünü aydın hiss etdirir.

Vətənnamənin epiqrafında şairin ideya-mənəvi kredosu

Vətənnamə” – doğma torpaq,

Od-ocağa sədaqətim.

Neçə milyon ildən bəri

Coşub-daşan bədahətim, – misraları ilə təqdim olunur. ikiyə bölünmüş Vətənin taleyiyarımsözünün leksik-qrammatik omonimliyində kifayət qədər həssas, zərif notlarla verilir:

Cənubda inləyən

Ulu Şəhriyar,

Şimalda sızlayan

dərdli Bəxtiyar,

Müşfiqi göynədən

kaman, tarımdı,

Vətən yarımdı.

 

Bayram Ağrdağın tərənnüm elədiyi Vətən mücərrəd deyil, kəndi-şəhəri, dağı-daşı, gülü-çəməni, çayı-gölü ilə hər guşəsi müəllifin həyatına, duyğu- düşüncələrinə silinməz izlər qoymuş son dərəcə konkret, canlı, qürurverici məkandır:

 

Goranboyda göz açmışam

Bu işıqlı dünyaya mən.

Məğrur Kəpəz yamacında

Gülüb üzə güllü çəmən.

 

Vedibasar ata yurdum

Verib mənə ilk savadı.

Ağrıdağın ətəyində

Tanımışam dostu, yadı.

 

Bakı mənim darülfünum,

Burda bildim kamal nədir.

Vətənimə xidmət etmək,

Saf əqidə, amal nədir...

 

Şeir davam edir, şair universiteti bitirdikdən sonra müəllimlik etdiyi Kür boyundanYevlaxdan söhbət açır. Sonra isəson ünvanıGəncəyə köçməsindən danışır, Nizami tək səcdəgahı olduğunu söyləyir... Hər qədər müxtəlif bölgələrin adını çəkib həyatının unudulmaz illərini yada salsa da, müəllif Vətənin bütövlüyü ilə fəxr edir:

 

Bölgələrə bölünmədim,

Bütöv candır cismim-tənim.

Haralısan?” deyənlərə:

Azərbaycan tək Vətənim!”

 

Vətən”, “Cənnətin özüsən”, “Mənim müqəddəsim”, “Oğul deyir”, “Azərbaycan bayrağı”, “Araz dərdi”, “Haxçıvanım”, “Zəngəzurum”, “Qərbi Azərbaycanımkimi şeirlərdə bu bütöv ( böyük!) Azərbaycanın təsəvvürlərimizdəki möhtəşəm obrazına yeni çalarlar əlavə etməklə yanaşı, Bayram Ağrıdağtula payına göz dikən Vətən xainlərini cavabsız qoymur:

 

Unudub kökünü, nəsil-soyunu,

Görmür Avropada gedən oyunu,

Qanmır erməninin faşist huyunu.

Gözü kordur, qulağı da kar olsun,

Vətənə xor baxan kəsə ar olsun!

 

Vətənnamədən sonra gələnVedinaməŞuşanamə, əslində, Vətən mövzusunun yeni etnoqrafik-coğrafi kontekstdə davamıdır.

 

Vedinamə ata yurda,

El-obaya məhəbbətim,

Sarıbaba ətəyində

Soykökümlə söz- söhbətim

deyən şair

Şuşanamə” – Qarabağın

Baş tacına dərin sevgim,

Böyük Zəfər yürüşünə

Xeyir-dua, dilək-öygüm… – söyləməklə bu əsərləri qələmə almaqda məram-məqsədini elan edir.

BirinciNaməbarədəki fikrimi əsərin ayrıca nəşrinə yazdığımBayram AğrıdağınVedinaməsi adlı ön sözdə bildirmişəm. İkinciNamə gəldikdə isə deyə bilərəm ki, “Şuşanaməson illərdə Şuşa haqqında işıq üzü görmüş sayca az olmayan əsərlər arasında həm ideya-məzmunu, həm ifadə- forması baxımından seçilir... Sözünə kədərli əhval-ruhiyyə ilə başlayan, yaxın keçmişin hüznlü xatirələrini yada salan şair, təbii olaraq, qəzəbini, hiddətini gizlədə bilmir:

 

Vətən, Vətəndeyənləri

Dar günündə qaçan gördüm.

Lazım gəlsə...” söyləyənin

Öldüyünü haçan gördüm?!

Doğma yurdu vəzifəyə

Satanlar daVətəndeyir?!

Qanımızı yad qanına

Qatanlar daVətəndeyir?!

 

...İnan, heç vaxt bağışlamaz

Şəhidlərin ruhu bizi,

Yurdumuzda qalacaqsa,

Bir gavurun ayaq izi!

 

Qarabağ münaqişəsinin müxtəlif dövrlərinə aid şeirlər bu münaqişənin xronikasını olduqca həssas bir şəkildə əks etdirir. “Yurdum yağıya qaldı”, “Qeyrət vaxtıdı”, “Şad eylə”, “Qarabağdadı”, “Belə getməz”, “Azad etkimi şeirlərdə Vətən həsrəti, Vətən uğrunda mübarizə ruhu hakimdirsə, sonrakı şeirlərdə Zəfərin təntənəsi özünü hər misrada göstərir... Ali Baş Komandanın bütün dünyanı silkələyən ( Zəfərimizin parolu olan) “Qarabağ Azərbaycandır!” sözləri artıq Bayram Ağrıdağın şeirlərinin nəqaratına çevrilir. “Şuşaya gedən yolisə, yəqin ki, Zəfər günlərinin ən təsirli şeirlərindən biridir:

 

Müxtəlif isimli insanlar kimi,

Yolun da cürbəcür, min bir adı var.

Əyri yol, hamar yol, asan, çətin yol,

Yolun doğması var, yolun yadı var.

 

Boyanıb minlərlə şəhid qanına,

Bu yol xalqımızınZəfər yoludu.

Şuşaya gedən yol elin-obanın

Müqəddəs ocağa səfər yoludu.

 

Zəvvarı olmuşam mən bu yolun,

O yolun eşqilə döyünür ürək.

Vüqarla bu yolda yürümək üçün

Uğrunda canından keçəsən gərək!

 

ŞuşanaməŞuşanı – “könül dünyamızın paytaxtını”, Ulu Öndərin sözləri ilə desək: “milli rəmzimizi”, “Azərbaycanın gözü tərənnüm edən şeirlərlə başa çatır.

Gülnaməmüasir dövrümüzün məhəbbət dastanı, “Hikmətnaməisə müdriklik kitabıdır. hər iki əsərdə tarixiliklə müasirlik, ictimailiklə fərdilik, eposla lirika üzvi vəhdətdə çıxış edir.

Mən heç bir şübhə etmirəm ki, tanınmış şair-alim Bayram AğrıdağınNamələrionun yeni yaradıcılıq uğurudur.

Nizami CƏFƏROV