Saqif Qaratorpaq : - saat və mən...

Gecə keçir...yuxum qaçıb...divarda
Saat qaçır,baş ağrıdır çıqhaçıq...
Ömür-gündü bir gün bitər,nə fərqi,
Istəyirsən,yüz toplayıb,yüz də çıx.
Lap üzdəymiş çox sualın cavabı,
Çox axtarıb,çox gəzmişik dərində.
Vallah,insan divardakı saatmış,
Hər gün qaçıb,ancaq sayıb yerində.
Bir qismətmiş bir gecəlik yuxu da,
Nə dəyişər,qınasam da baxtımı?
Saat girib ürəyimlə yarışa,
Uzadarmı,qısaldarmı vaxtımı?
Çimib çıxır ay işığı içindən,
Günahını ağac yuyur,daş yuyur.
Dirsəklənib hasarlara,evlərə,
Yorğun yollar asta-asta uyuyur.
Yavaş-yavaş ay gizləndi buludda,
Bağ-baxçanı qucaqladı qəfil çən.
Hamı yatıb,ikimizdən savayı,
Dərdləşirik...bir saatdı,bir də mən.