Arzu Əsəd : -  Ortada hərdən düşünün də...

YAZARLAR 15:47 / 19.05.2025 Baxış sayı: 1166

Akademik Nizami Cəfərovun rus dilindən nümunə gətirdiyi bəzi sözlərin dilimizin lüğətlərinə salınması təklifini bəzi dostlarımız kontekstdən çıxarıb müxtəlif ton və üslublarda tirajlayır, öz aləmlərində bu dəyərli dilçi alimimizlə məzələnir, aqressiv tövrlərini nümayiş etdirirlər. Əlbəttə, məzələnmək də olar.

Hətta bu günlərdə Albaniyada Avropa ölkələrinin başçılarının təqdimatını onların öz hüzurunda uşaqlıq və yaşlılıq cizgilərini birləşdirərək yumoristik dostluq şarjları şəklində verdilər. Dövlət başçıları da süni intellektlə düzəldilmiş öz yeni obrazlarına baxıb ürəkdən gülürdülər. Siyasətin də dili dəyişir... Nizami Cəfərov özü də olduqca səmimi və insanlara açıq adamdır.

Son əlli ildə ölkənin ali məktəblərinin filologiya fakültələrini bitirmiş, az-çox ictimai münasibətlər içində bulunan bütün məzunlar, eləcə də, ədəbiyyatla məşğul olan hər kəs Nizami Cəfərovu onun sadəliyinə, müdrikliyinə, insanlarla son dərəcə səmimi və ləyaqətli münasibətinə gorə təkcə bir deputat, akademik kimi yox, özünün köhnə dostu kimi tanıyır. Amma hər kəs də onun dilçilik sahəsində böyük bir alim olduğunu bilir. Belə olan təqdirdə ciddi bir sual doğur ki, bu hörmətli akademik niyə bu təklifi verib. Bu görkəmli, dəyərli dilçi alim axı belə bir həssas məsələdə sona qədər düşünülməmiş, yaxud diletant cavab verə bilməz.

Onun müsahibəsini tam oxuyub ona uyğun fikir yürütmək lazımdır.Adam deyir ki, ingilis dilinin leksikonunda ona görə milyondan artıq söz var ki, onlar bütün dillərdən öz nitqlərinə keçən hətta çox az işlətdikləri sözləri də lüğətlərinə daxil edirlər. Bu feysbukda yüz dəfələrlə rast gəlmişik ki, dostlarımız digər dillərdən danışıq dilimizə keçən sözlərin qarşılığını tapa bilmirlər, yaxud qarşılığı olan sözləri də dilin öz təbii axarından doğan vərdiş və inersiyalarla işlədirik.

Bu sözlər bədii ədəbiyyatda müxtəlif obrazların dili ilə də verilir. Yəni bu kəlmələr dildə işlədilir. Həm də o demir ki, bu sözləri məhz ORFOQRAFİYA lüğətində verin, o deyir ki, bu sözləri LÜĞƏTLƏRDƏ verək. Məsələn, bunu da mən deyirəm, lüğətin adını qoyun "Azərbaycan dilində işlənən bütün sözlərin lüğəti". Nizami Cəfərov deyir ki, ingilis hətta öz dilində kənar dillərdən bir-iki dəfə havası dəymiş sözləri də lüğətlərinə daxil edib dünyaya car çəkirlər ki, onların leksikonunda milyondan artıq söz var. Nəticədə bizim kim "dilin saflığı uğrunda mübarizə aparan", dilin başına hicab geydirib onları naməhrəmlərə göstərməmək və dilin hərəminə naməhrəmlərin girməsinə qadağa qoyan namus keşikçiləri "leksikonda soz azlığı" kompleksinə girir, özümüzü aşağılayır, nəticədə gerçəkdən inkişafdan geri qalırıq.

Halbuki digər daha tədbirli millətlər bu problemi hər vasitə ilə alınma sözlərlə həll edirlər. O bu mübahisədə bir statusa sığışmayan çox əhəmiyyətli sözlər də deyib. Məzələnin, aqressiv tövrünüzü göstərin, amma ortada hərdən düşünün də. Bu ilk baxışda qəribə görünən təklifi, siyasi-ictimai baxışları bir tərəfə, amma elmi səviyyəsinin yüksək olduğunu hamımızın bildiyi bir dilçi alim verib.

Demək, bu təklifdə rasional, məqbul olan nə isə olmalıdır ki, hələlik biz qəbul edə bilmirik...