BİZƏ OXUNMUR Kİ QARA QUTULAR - Məlahət Yusifqizi

Ədəbiyyat 08:02 / 13.01.2025 Baxış sayı: 592

 

“Qara qutu”lardan ümid gözləmə,

Bizə çatan kimi rəngi al olur.

Onun əlifbası özgə dildədir,

Biz fürsət tapanda dili lal olur,

Ya da bir qal düşüb, qalmaqal olur.

Bir də nə fərqi var qara, qırmızı?!

Üstündə Ayı var, ya da ulduzu?!

Mənə deyən gərək, zalımın qızı,

Nəyinə gərəkdir, qara al olur?!

Ya da elə al yox, qara-çal olur?!

Bizə oxunmur da “qara qutu”lar,

Əlimizi vursaq, əldə tutular.

Birliyə gəlməyir Doğu-Batılar,

Sıfırlar cəmlənib, neçə xal olur?!

Hesabı eynidir dartışmaların,

Zəfəri qıcıqdır atışmaların.

Məqsədi aydındır qatışmaların,

Düzü söyləyəndə dava, qal olur.

Geni qarışıqdır, qanı xarabdır,

“İncil”dir, “Quran”dır, hansı kitabdır?!

Cəbr-həndəsədir, ya ki, hesabdır?!

Yaddaş qarışanda çox sual olur.

Cavabı tapılmır bu sualların,

Tilsimi açılmır bağlı yolların.

“Qara qutu”ların, dəmir qolların

Yozması da elə axta, kal olur.

Görmüşük çəkilən tətiklərini,

Nənəm, babam desin çəkdiklərini.

Başımıza dəyən təpiklərini

Yaddaşa vuranda neçə bal olur?!

26.12.2024. s.00-59