Ayaz Arabaçı : - Çəkmişəm

Ədəbiyyat 11:00 / 13.01.2025 Baxış sayı: 584

Görünsə də uzaqdan sözünü yemək kimi,

Mən əslində geriyə,marağa çəkilmişəm..

Ya sənə verən Allah,ya mənə verən Allah,

Daha mən də bu gündən yarağa çəkilmişəm.

 

Getməz ucuz bazarda o qiymətə baha can..

Dəmir çarıq geyin gəl,sinəmdəki ahacan..

Sənə necə anladım gecələr sabahacan,

Saçlarına dönmüşəm,darağa çəkilmişəm..

 

Ayrılıq,həsrət,filan..nə qəliz ifadədir..

Yaşamaqmı..bu dərdin formulu çox sadədir,

İndi bütün dünyanın mənası bu badədir..

Meyə qucaq açmışam,arağa çəkilmişəm.

 

Bir az başım açılsın bir tapılaq-beş itək..

Təpikləndim min dəfə inqilabçı nəşitək..

Məlumun olsun ki,mən,bu aralar,vəhşitək.

Qələmə sarılmışam,varağa çəkilmişəm.

 

Dəryadan bir at çıxdı,yoxdu bu ata tay,at..

Məndən səndə nə qalsa,məndən geriyə say,at..

Bundan artıq nə cəza verəsidi ki,həyat.

Hər adamı ölmüşəm,hər ağa çəkilmişəm..