Şakir Xanhüseyn : - KÖKSÜMÜ AÇDIM OX DEDİ GƏLİRƏM..

Ədəbiyyat 08:19 / 18.04.2025 Baxış sayı: 937

KÖKSÜMÜ AÇDIM OX DEDİ GƏLİRƏM...

...köksümü açdım, qabartdım ox dedi gəlirəm,

dərindən nəfəs almaq istədim ah dedi gəlirəm...

...qollarımı çarpazladım qoynumda,

gördüm bir ağırlıq da var boynumda,

dedim hökmən dəyirman daşı asılıb,

hələ bir çaydan da keçməliyəm, çay dərin...

başım aynıdı sandım işdən-gücdən,

hər tərəfdən ağrılar tökülüşdü üstümə,

əl uzatdım bir çiçəyə ki, son gülü dərim...

...yarıda kəsildi qulaq asdığım nəğmə,

huşdan getdim, handan-hana

kirpiklərimi kəlbətinlə tutub

aralamaq fikrinə düşən oldu,

ya hu!

...can çəkişənə,

bir canın çöküşünə

bir qıraqda durub seyirçi olmanın

vəbalı yoxmu?

ayılanda tamam bambaşqaydı ətraf:

gül bağçaları, bərraq işıq, sular şəffaf,

adamlar birər-birər saf;

xülasə, irreal bir dünya;

yox, mən ruh halındaydım,

hər şey də ruhi görüntüləriydi,

ayaq səsləri eşidirdim ürək döyüntüləruydi...

...bir savaş başlatdılar,

ehehey, Dədəm Qorqud, Ağam Qazan, xanlar xanı Bayandır,

cəmi Oğuz igidlərinə hay vurun, qıy vurun,

yerinizdən uru durun,

yağıları çölümüzdən, içimizdən də qovaq,

Ey haqq, ey haqq!