Şakir Xanhüseyindən   İKİ ŞEİR

Ədəbiyyat 11:11 / 05.05.2025 Baxış sayı: 7697

 

***

niyə gözlərimdə qoydun arzumu?

əlini ovcuma qoymadın ki, sən...

mən gedən yollara ayaq qoymadın,

yamanlıq gəlirmiş ancaq əlindən...

 

nə üçün yollarda qoydun gözümü?

izimin üstünə iz qoymadın ki,

sözümün üstünə söz qoydun elə,

daşım üstə bir daş qoymadın sən ki...

 

ağlına gələnlər ağlıma sığmır,

üzünə baxmağa bir üz qoymadın...

indi qapını ört arxanca bərk-bərk,

məni başa düşdün, amma duymadın...

 

                    ***

**

baxıram, biri ayağını

elə bil

yer üstə deyil,

bir fikir üstə basır

ehtiyatla,

ehmalca;

deyirsən ayağının altında

bir ehtiyac qışqırar,

nə bilim, bir borc qışqırar...

hiss edirəm aranı dağa,

dağı arana daşıyır,

yüz dərənin suyu qatılır bir-birinə

beynində...

səsini də

çıxarmır ki,

ürəyində yatan bir ağrısı oyanar,

acısı oyanar...

heç bəlkə fikirləşmir

ki, qayğılar bir-bir

düşər yadına,

yeni bir dərd olar ona...