Arzu Hüseyn: - Yadındamı...

Ədəbiyyat 08:08 / 05.05.2025 Baxış sayı: 1047

Kökü məndə meyvə, barı özgədə,

Yadındamı toxum halın hələ də?

Axtarmıram günahları özgədə.

Mənəm bunun günahkarı yenə də.

 

Qaranlığın cazibədar, çəkici,

İçimdəki işıqları keçirdim.

Dur deyənlər mənim üçün nəçi ki?

Sənə gələn yasaqları keçirdim.

 

Körpülərin sütünü yox baxsana,

Aldanışlar qılıqlayar yormadan.

Sabahımda bilirəm ki, yoxsan ha,

Yenə səni düşünürəm durmadan.

 

Düşündükcə ram eləyir qəm məni,

Yoxluğun da, özün kimi qüsursuz.

Bilirəm ki ,unutmusan sən məni,

Niyə belə qürursuzam, qürursuz.

 

Kökü məndə budağının, qolunun,

Dar günündə yaslandığın o dağam.

Ölənədək gözləyəcəm yolunu,

Dönəcəksən, dönəcəksən torpağa…