Sona Vəliyeva : - Gilas bağı

(Ata evimizin həyəti başdan-başa gilas bağıydı... Yuxumda hər zaman üstünü barlı-bərəkətli görürəm.)
Bir gilas ağacı ağlar yuxumda,
Kimsələr tapılmaz qəmin ovuda.
Çiçəyi anamın gəlin yaylığı,
Meyvəsi bənzəməz əvvəlki dada.
Ağac libasında kimdi, İlahi,
Göylərə qaldırıb budaq əllərin.
Bu ağac mələkmi, mələk anammı,
Sübhün azanında yuxuma gəlir.
Gəlir ki, baş çəkə evə, ocağa,
“Mənsiz qalan bağın halı necədir?”
Ayrılıq sözündən körpü qurmağa,
Gördüm itən ömür heca-hecadır.
Ay yuva qoruyan quşlar, böcəklər,
Mən sizi özümdən vəfalı gördüm.
Pəncərə gözləri tutulan evim,
Ağlayan gözündən qoymadı öpüm.
Mənim sevgim, duam bir vaxt bu bağdan
Yağışla, günəşlə göyə yüksəlib,
Deyin bağ-bağata, qonum-qonşular,
Deyin o duanın sahibi gəlib.
Tənha ana kimi gördüm barını,
Küləklər sovurur, qoruya bilmir.
Əvvəllər kölgəsi toy-büsat bağın,
Gördüm yaddaşında qəm-kədər dinir.
Barı tək sökülən, dağılan ömrü,
Gördüm xatirələr yığıb gətirir.
Gördüm anam sağdı, əli beşikdə,
Xeyir-duasında yer ləpələnir.
Aşıb-daşan qəm kimidi meyvəsi,
Bu qədər bar bizə acıq, tənəmi?
Arzuların apardığı ömrümün,
Geri dönüb halallığın istədim.
Hər ağacda, hər budaqda iz, nişan,
Uşaq ömrümüzün naşı xəttidir,
İçimdə bir ağac duası bitib,
Anam köç edəndən ömür çətrimdir.
Ömür də gah ağac kimi barlıdır,
Gah əməyin zay edərlər, dinəmməz,
Budaq üstə bir yaralı quş gördüm,
Əl uzatdım dəstək olam, güvənməz.
Ağac libasında kimdi, İlahi,
Göylərə qaldırıb budaq əllərin.
Bu ağac mələkmi, mələk anammı,
Sübhün azanında yuxuma gəlir.