Ramiz  Qusarçaylı : - Bu dünya nə yaman qarışdı bala

Ədəbiyyat 09:19 / 17.06.2025 Baxış sayı: 1607

 

Bu dünya nə yaman qarışdı, bala,

Bu dünya bə yaman qatdı başını.

Deyən öz çiynində saxlayammadı,-

Bizim çiynimizə atdı başını.

Baş başa qarışdı, ürək ürəyə,

Yer yerə qarışdı, çörək çörəyə,

Torpağı daşına-daşına qaldı,

Gözləri yaşına-yaşına qaldı,

Başımız o qədər küyə qarışdı,-

İşimiz, gücümüz başına qaldı.

Bu dünya nə yaman qarışdı, bala ...

Özünə qarışdı dünyanın başı,

Dünyaya qarışdı bizim başımız,

Bizim yaşımızdı dünyanın yaşı,

Dünyanın yaşıdı bizim yaşımız.

Dünyanın yaşıdı bizim yaşımız,

Yaşımız dünyanın yaşına düşüb.

Nə yaman ağırdı bizim daşımız,-

Baxıram, çoxunun başına düşüb.

Mənim gözlərimin yaşına baxma,

Min ildi gözümdə yaş daşıyıram.

Mənim ətəyimin daşına baxma,

Baxma ətəyimdə daş daşıyıram,

Mənim ürəyimin, mənim başımın

Başı min oyundan, min işdən çıxır.

Mənim torpağımın, mənim daşımın

“Yiyəsi” kilsədən, keşişdən çıxır...

Yerdən atılmışıq,

göydən tutmuşuq,

Qocamız qocadı, körpəmiz ulu.

Dünya ağlayanda biz ovutmuşuq,

Dünyanın dərdləri bizdə ovunub.

İtib tapılırıq biz bilə-bilə,

Tapıla-tapıla itən olmuşuq.

Heç çöp də olmazdıq biz bölə-bölə,-

Bölünə-bölünə Vətən olmuşuq...

Bu dünya nə yaman qarışdı, bala,

Bu dünya nə yaman qatdı başını.

Niyə öz çiynində saxlayammadı,-

Bizim çiynimizə atdı başını...

1992