" Bu halda müvafiq dəyərdə dövlət mülkiyyətində olan torpaq sahəsi ayrılacaq." - Tahir Rzayev, millət vəkili

Azərbaycanda tikintiyə icazə verilməsinin ümumi qaydalarına əlavələr edilir. Bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik təklif olunub. Dəyişikliyə əsasən, tikintiyə dair müəyyən tələblər təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa ediləcək yeni çoxmənzilli yaşayış binasının tikinti layihəsinə şamil edilməyəcək.
Məsələ ilə bağlı Yenises.az-a açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, Torpaq Məcəlləsinə və nəzərdə tutulan digər qanunlara edilmiş dəyişikliklər sosial xarakter daşıyır.
Onun sözlərinə görə, bu, insanların mənzilə olan tələbatının ödənilməsinə imkan yaradır: “Mənzillərin sənədləşdirilməsi, yaşayış evlərinin və çoxmərtəbəli binaların tikintisi sahəsində irəli gələn bir sıra məsələləri tənzimləyir. Hazırda Milli Məclisin Aqrar siyasət komitəsində ətraflı müzakirə olunan dəyişikliklər, xüsusilə təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində məhv olmuş və ya yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin yerində dövlət vəsaiti hesabına yeni yaşayış evlərinin və çoxmərtəbəli binaların tikilməsi üçün torpaq sahələrinin ayrılmasını və daşınmaz əmlak üzərində qeydiyyat məsələlərinin sadələşdirilməsini nəzərdə tutur”.
Komitə sədri vurğulayıb ki, bu, həmçinin şəhərsalma və tikinti prosedurlarının sadələşdirilməsi məsələsini əhatə edir: “Nəzərdə tutulur ki, əgər belə hallar baş veribsə və binalar bələdiyyə mülkiyyətində olan torpaq sahələrində tikilirsə, bu halda müvafiq dəyərdə dövlət mülkiyyətində olan torpaq sahəsi ayrılacaq. Əgər dövlətin mülkiyyətində torpaq yoxdursa və bina bələdiyyənin mülkiyyətində olan sahədə tikilirsə, bu halda bələdiyyə əvəzində başqa torpaq sahəsi alır”.
T.Rzayev söyləyib ki, əgər tikinti vətəndaşın mülkiyyətində olan torpaq sahəsində aparılırsa, bu halda vətəndaşa da müəyyən vəsait ayrılır: “Buraya sənədlərin hazırlanması, qeydiyyatdan keçirilməsi, torpaq sahəsinin ayrılması məsələləri daxildir və bu prosedurlar sadələşdirilir. Bəzi hallarda müəyyən sənədlər tələb olunmur. Çünki tikinti aparılarkən icra hakimiyyəti orqanlarından, bələdiyyələrdən, yerquruluşu və şəhərsalma orqanlarından müəyyən rəy və razılıqlar alınmalıdır. Amma müəyyən hallarda bu sənədlər tələb olunmur. Bu isə çox vacibdir. Çünki sənədlərin toplanması və rəylərin alınması uzun vaxt aparırdı. İndi isə artıq bunlara qanunda ehtiyac olmadığı göstərilir”.