Aida Adıgözəl : - Səndə də mi yağır qırmızı yağış?

Səndə də mi yağır qırmızı yağış?
Səndə də mi əsir zəhərtək külək?
Səndə də mi çırpıb qırıb qoparıb,
könül pəncərəsin kor olmuş fələk?
Səndə də mi saçlar Məcnun sayağı,
evin tör-töküntü, süfrən bulaşıq?
Nə çıxa bilirsən qara düyündən,
sifətin sapsarı, fikrin dolaşıq...
Gözün torbalanıb, altı qapqara,
çayın zəhər kimi, qaynayıb qalıb.
"Evdəyəm" yazmısan qapı üstünə,
"birdən bağlı görər" qayğısı alıb.
Səndə də mi saat on iki tamamdı,
zaman orda durub, vaxt orda ölüb?
Düzün de, deyəndə, - "biz ayrılmışıq" ,
hansı dostlarınmış doyunca gülüb?
Sən allah, de görüm, haralardasan?
Yollar alıb gedib... yaxın, uzaqmı?
Tez-tez qapım döyür səndən qalanlar,
soruşur:- şəhərmi, kəndmi, qıraqmı?
Yenə yatmamışam bu gecəni də,
qəhvə dəmləmişəm qəhvə üstünə.
Bilirəm, arvadın səhər deyinib,
boğulduq viranda qoxu-tüstünə.
Dayan xatırlayım, nəyi unutdum,
görüm nəymiş qalan soruşmadığım?
Ehhh... hansı gün oldu inada durub,
səninlə nədəsə yarışmadığım?
Nə isə, hələlik, xoş saatlara,
günün aydın olsun, yolların işıq.
Məndəsə gecədir, oyanmamışam,
yuxuma girmisən, sarmaş-dolaşıq...