KİTABLARIM DA TALEYİM KİMİ AĞLI-QARALIYMIŞ...

YAZARLAR 13:37 / 12.06.2025 Baxış sayı: 1366

 

Bəri başdan deyim ki on yeddi yaşımdan heç kimin qoltuğuna-kölgəsinə sığınmadan ədəbi aləmin “qapısını” öz əllərimlə açıb bu əsrarəngiz sənət dünyasının eninə-uzununa bələd olmuş, Tanının bəxş etdiyi istedadımın və zəhmətimin sayəsində imzamı tanıda bilmişəm. Tələbəlik illərində “Xudafərin” (“Kolxozçu), “Kirovabad kommunisti”, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan gəncləri”, “Azərbaycan müəllimi”, “Bakı”, Azərbaycan pioneri”, qəzetlərində, “Azərbaycan”, “Ulduz”, “Göyərçin”... jurnallarında dərc olunan şeirlərimlə oxucuların qarşısına çıxmışam. 1969-cu ildə”Gənclik” nəşriyyatı “gənc şairin ilk kitabı” seriyasından olan ilk kitabımı tematik plana əsasən nəşr etməyi nəzərdə tutsa da atamın qəfildən vəfat etməsinə görə iki ilə yaxın Bakıya üz tutmamış və son nəticədə kitabıbın nəşri özümün günahı ucbatından baş tutmamışdır...

Bilmirəm nə sirdisə sovetlər dönəmində tematik plana əsasən nəşr edilmiş 4 kitabımdan yalnız birincisi (1980) və dördüncü (1990) məni sevindirib. Nə 1993-cü ildə “Gənclik”də, nə də 1987-ciillə “Yazıçı”da nəşr olunan kitablarımın sevincli anlarını yaşamaq qismətimdə olmayıb. Birində üzücü xəstəliyin caynağında illər boyu sızlamış, ikincisindəsə şəxsi minik maşınımda ağır qəzaya düçar olmuşam...

1994-cü ildə “Gənclik” nəşriyyatında çap olunan “Torpağın qanlı köynəyi “ də köçkünlüyün ilk illərinin ağrı-acılarıyla üst-üstə düşdüyündən qəddimi dikəldə bilməmişəm...

1996-2023-cü illər aralığında nəşr etdirdiyim kitablarım da əvvəlcə bacımın, bacım qızının, sonra anamın, ortancıl bacımın, qardaşımın, qardaşım qızının, nəslimizdən olan əmioğlu-əmiqızılarımın ölümləriylə “əlamətdar” olub...

Bu ilin əvvəllərində “Ürəyim açıq qapıdır” (redaktoru Əbülfət Mədətoğlu, ön sözün müəllifi İlham İnam-(Şəmkirdə yaşayan şair, ədəbiyyat müəllimi) və uşaqlarçün “Tumurcuğum-gözmüncuğum”- (ön sözün müəllifi Əbülfət Mədətoğlu, redaktoru Tariyel Abbaslı, nəşriyyat redaktoru Qəşəm İsabəyli) adlı kitablarım işıq üzü görər-görməz növbəri dəfə ailəmizə baş verən ağır itginin sızıltılarıyla üzləşməli olmuşam...

Mən təbiətən güclü, iradəli, dərdə-qəmə yenilməz adamam. İnşallah, Allahın mərhəməti və ən ağır günlərimdə mənə təsəlli verən dost-tanışlarımın xeyir-dualarıyla yenidən qəddimi dikəldəcək, aradan aylar ötüb keçəndən sonra həmin kitablarımla yenidən sizlərin qarşısına çıxacağam. Və uzun illərdən bəri məni qarabaqara izləyən kabusun acığına xatirələrimin yer aldığı yeni bir kitabımı da ortaya qoyacağam. Hamınıza cansağlığı arzulayıram. Çalışın ki illərdən bəri məni addım-addım izləyən bəduğur tale heç vaxt qarşınıza çıxmasın, AMİN!..

11.06.2025