Bəhram Bilaloğlundan ÜÇ  ŞEİR

Ədəbiyyat 13:34 / 12.05.2025 Baxış sayı: 4311

 Nəsihətnamə,,

Səhra yetişdirən saya ilanlar,

Vərdiş eyləməz ki,

yaşıllıqlara.

Qəfəsi qızıldan olsa ilanın,

Üz tutar həmin an-

o, daşlıqlara.

Min bir yaxşılıq et,

quyruğun basla,zəhəri dəyişməz,

sancar adamı.

Zahiri parıltı,rəngi sapsarı,

Yerin ağusudu,dilin acısı,

Günahkar edəcək- sənli zamanı.

Yaxşılar içindən seçiləcəksə,

Təbiət gözünün - dürüstlüyüdür.

Cənnəti zəbt etmək iddiaları,

Cahil ilanların hərisliyidir.

 

***

Bu nə hikmətdi ki, Ya Rəbb,

Zahirən gözəllik artmış.

Nahaqqı haqqı bilənlər,

Məzlumu zülümə dartmış.

 

Eyləmiş şəxsi mücərrəd,

Yaranış da,buna məxsus.

Sanki, mübtəla olmayan,

Azadkən deyilmiş,məhbus.

 

Nələri itirmədin ki,

Susaraq səddi bəlaya.

Nəzər et, qəminə hərdən,

Yamanı çəkmə,əlaya.

 

Batinə uyma, kamalım,

Susuz səhra belə olsa.

Yəqini zəm-zəm eyləyər,

Ruhun pak əhlinə qalsa.

 

***

Bulud kimi dolanda,

Gözlərim qəlb isitdi.

Sığındılar Xudaya,

Səsimi eşq eşitdi.

 

Arzular qatarında,

Gedən qələmim oldu.

Ruhumu gözləyənə,

Yetən ələmim oldu.

 

Yaşatdılar adımı,

Məhəbbətdən dolayı.

And içdilər, andıma,

Səadətdən dolayı.

 

Qoşuldular karvana,

Eşqimə getmək üçün.

Ucalan ümidlərə,

Mərufa ötmək üçün.