Ayaz Arabaçı : - Döyükür kor adamtək...

Ədəbiyyat 09:40 / 13.05.2025 Baxış sayı: 1229

 

Döyükür kor adamtək

işıqsız pəncərələr,

Bütün şəhər boyunca

bu miskin mənzərələr..

Hər pəncərə bir vida,

hər pərdə bir gizli ah...

Haçansa burdan keçib Nuşirəvan padişah.

Bircə daş belə yoxdur göz yaşı bulaşmayan,

Bir ümidsiz dua var Tanrıya ulaşmayan.

Kimin əlləridi bu Tanrının unutduğu,

Kimin əlləridi bu, gecələrin udduğu?.

Bir papiros közündə ayrılığın lirası,

Köhnə gecə klubu-"Minbir gecə"mirası,

Ulayır əcəl kimi 102-nin çağrısı,

Dişlərimdə göynəyir sol qolumun ağrısı.

Qarşı divarda yazı, silinmək üzrə-yarım..

Görək haracan gedir

yuxulu addımlarım.

Aldığım hər bir nəfəs sənsizliyin təkrarı,

Üstümdən keçib getmiş 41-45 tankları.

Ayın ölgün işığı solğun üzünə bənzər.

Bir şeylər yaşayıram,

tanış hüzünə bənzər.

Sovrulur yelkənlərim küləyə Kalyon kimi.

Yollar səhv salır məni qoca poçtalyon kimi

Aya uçan adamlar hüsnünü pozub ayın,

Uzaqdan səsi gəlir köhnə bir tramvayın.

Ötür zınqırovları,qumruları ürküdür,

Ağır-ağır yellənir,

xatirələr yüklüdür.

Toxunur qəlbimdək olan-qalan tək simə.

Bir köpək diş qıcayır vitrindəki əksimə..

Yarımçıq buraxdığım şeirdən adın keçir,

Gözləri, unutmaqdan yorğun, bir qadın keçir,

Uçur göyərçin kimi havada mavi küllər,

On beş ildi ki solub, çantasındakı güllər..

Hər pəncərə bir vida,

hər pərdə bir gizli ah...

Ayrılıqmış son silah..

Binalar elə bil ki bir məzar daşlarıdır,

Şəhəri yuyub gedən kimin göz yaşlarıdır.

Parıldadır gecəni yaş asfaltın ütüsü,

Bir siqaret közündə son ümidin tüstüsü.

Keçmişin arxasınca sürünür o tramvay,

Mavi bir qaranlığa bürünür o tramvay.

Yaşayıram haçandı,bu ölçüdə, bu çində

Bütün yollar qapanır qaranlığın içində.