Ayaz Arabaçı : - Dağınıqdı, qarışıqdı yazı stolum,

Ədəbiyyat 08:29 / 09.04.2025 Baxış sayı: 1074

Dağınıqdı, qarışıqdı yazı stolum,

Həvəs yoxdu toplamağa, yığışdırmağa.

Balaca bir kənddən gəlib başladı yolum,

Bu dünyanı bir otağa sığışdırmağa..

Köhnə, tozlu vərəqlərə uzanmır qolum,

Ağır gəlir nənələrin kirkirəsitək.

Dağınıqdı, qarışıqdı yazı stolum,

Dağınıqdı, qarışıqdı Yer kürəsitək.

Dalğalanır pəncərəmin yaşıl pərdəsi,

Xatirələr günəşlənir ayağı qumda.

Atıb getməz istəsə də qara məhbəsi,

Balıqlarım zəncirlənmiş akvariumda.

Cırıldayır xəstə kimi asta xitabla,

Aradabir, ümidləri tükənmiş qapı.

Sol tərəfdə it ilindən qalma kitablar,

Sağ tərəfdə ağ dumanlı qara külqabı.

Heç bilmirəm külək gedib hayandan çalıb,

Barmaqlıqda didib-tökür bir əlçim yunu..

Bir ildi ki, sarı pişik didərgin salıb,

Pəncərəmin şüşəsini döyən qumrunu..

Dağınıqdı qarışıqdı yazı stolum,

Dağınıqdı, ömrüm-günüm, fikirlərintək.

Hara getsəm burdan keçir qayıdıb yolum,

Çəkicidi, füsunkardı təzəgəlintək.

Bir az əsəb, bir az fikir, bir az da acıq,

Dayanmışam divarlarla nəfəs-nəfəsə.

Şeirlər var yazılmamış, yarı-yarımçıq,

Fikirlər var bir ömürlük düşüb qəfəsə.

Dağınıqdı, qarışıqdı yazı stolum,

Həvəs yoxdu toplamağa, yığışdırmağa.

Balaca bir kənddən gəlib başladı yolum,

Bu dünyanı bir otağa sığışdırmağa..