Ayaz Arabaçı : - Bir  qurşun sıxmaq istəyirəm

Ədəbiyyat 10:57 / 10.06.2025 Baxış sayı: 1555

Bir

qurşun sıxmaq istəyirəm

bütün

üfunət qoxuyan ağızlara..

Bir

qurşun sıxmaq istəyirəm

içində

hüqüqlarımız çap olunan

heç nəyə yaramayan

kağızlara..

Bir qurşun sıxmaq istəyirəm

başını hər yerə soxan

eynəkli qarğalara.

Bir qurşun sıxmaq istəyirəm

xalqın hesabına

donuz kimi piylənən

darğalara..

Bir qurşun sıxmaq istəyirəm

gündə min cür zir-zibil üyüdən

teleekranlara.

Bir qurşun sıxmaq istəyirəm

alçaqları vəzifəyə yüksəldən

kranlara..

bir

qurşun sıxmaq istəyirəm

balalarımızın gülüşünü

üzündən oğurlayan əclaflara.

Bir qurşun sıxmaq istəyirəm

içində

balqabaqdan başqa

bir şey olmayan qılaflara..

bir qurşun sıxmaq istəyirəm,

insanlığın,

adamlığın qolunu kəsənlərə.

bir qurşun sıxmaq istəyirəm,

könlümüzdəki

işığın yolunu kəsənlərə.

Bir qurşun sıxmaq istəyirəm,

bir qurşun sıxmaq,

meylim olmasa da davaya.

Bir qurşun sıxmaq istəyirəm

Bu zəhərlənmiş havaya!

Bir qurşun sıxmaq istəyirəm

içimizdəki

təslimçi səslərə.

bir qurşun sıxmaq istəyirəm

bütün "müqəddəs" lərə..