Aləmzər Sadiqqızı : - Ruhuma yağan yağış...

Ədəbiyyat 12:21 / 17.06.2025 Baxış sayı: 1321

Ruhuma yağan yağış,

Gəl sənə bir sirr açım...

Mənim sevgidən deyil...

Səndən islanıb saçım...

 

Səni sevdiyim kimi,

Bir kimsəni sevmədim...

Sənlə danışdığımı,

Sevdiyimə demədim.

 

Səni alıb ovcuma,

Dönə-dönə öpürəm...

Çəkirəm ürəyimə,

Gözlərimdən tökürəm...

 

Qoşulub mən də sənə,

Uşaq kimi yağıram...

bəlkə kipriklərimlə,

Sənə nağıl yazıram...

 

Biri varmış, biri yox...

Bir payız bir yaz varmış...

Biri göyü sevirmiş...

Biri yerə aşıqmış...

 

Sən iki sevgilinin

Söhbətisən ,sözüsən...

Yerlə Göy arasında,

Məhəbbətin özüsən sən!

 

Bəlkə o üzdən səni,

Sadəcə sevən anlar,

Kimsə bilməz dərdini...

Sənə danışar ağlar...

17.6.2017.