Aləmzər Sadiqqızı : - Mənim səndən özgə kimim var küsüm...

Ədəbiyyat 09:38 / 14.05.2025 Baxış sayı: 1256

 

Bu qədər könlümə toxunma Tanrım,

Küsüb bu dünyadan gedə bilərəm...

Özgə yol tapmaram səndən o yana,

Birbaşa yanına gələ bilərəm...

 

Məni bəndələrə əmanət etmə...

Onlar çoxdan səni unudub axı.

Bu çiçək könlümü əkdiyin günnən,

Bəndələr əliylə qurudub axı.

 

Kim bilir hardasa bir mələyin var...

Hər gün gözlərinin yaşına doyur...

Əlləri quruyub dizinə çatmır,

Dərdi yağış kimi başına döyür.

 

Mənim səndən özgə kimim var küsüm?

Səninlə bölürəm gərdi- qəmimi...

Sən mənim həm uman,həm güman yerim,

Əgər küsürəmsə...sevirəm səni!!!