Aida Adıgözəl : Dağınıq şeir...

Uçur könlündəki xoşbəxtlik quşu,
nə qəfəs o qəfəs, nə quş o quşdur.
Daha ovunmaqdan keçib mənimki,
bundan o yanası demək yoxuşdur.
Bilirəm, gecələr oyaq qalırsan,
gözətçi olacaq kirpiyim sənə.
Hərdən ay olacam, hərdən də ulduz,
hərdən günəş kimi isti baxışla
oğrunca qonacam nəfəsliyinə.
Qorxma, getməyəcəm çox uzaqlara,
gecə saçlarımı açıb tökəcəm.
Yuxunu qaçıran, üzən nə varsa,
süpürgə çəkəcəm gecələrinə.
Görsəm yol gedəndə sənə daş dəyir,
çınqıllar toxunur dabanlarına.
Yığacam ovcuma gözümün yaşın,
özüm su səpəcəm küçələrinə.
Başından keçəcəm kövrək buludtək,
yağış damcısında yerə enəcəm.
Könlünə yaz gəlib göyərsin deyə
özümü ruhuna torpaq edəcəm,
qucaq olacağam çiçəklərinə.
Bəlkə ah qopacaq ləçəklərindən,
külək toxunanda yada düşəcəm.
Hər şeyin düzələn yaxşı vaxtında
beləcə könlündən uçub gedəcəm...