Adil Şirin : - Tənha dəniz sahili...

Ədəbiyyat 17:16 / 15.03.2025 Baxış sayı: 671

# # #

Tənha dəniz sahili,

Nə bir səs, nə bir səda.

Könlüm dəniz tək dəli,

Gəncliyim düşür yada.

 

Bir zaman bu sahildə

Görüşərdik ikimiz.

Dənizə qovuşardı,

O qanadlı sevgimiz.

 

 

Ah, nə rahatlığım var,

Nə də könül dincliyim.

Yol gözlərəm hər bahar,

Geri dönməz gəncliyim...

 

Səni səsləyirəm mən,

Səsimi udur dəniz.

Nə üfüqdə bir yelkən,

Nə də qum üstə bir iz...