Zəka Vilayətoğlu : - Söz   ac...

Ədəbiyyat 10:00 / 15.04.2025 Baxış sayı: 6078

Dərd eyləmə, pis ki, pisdir əzəldən,

Yaxşılardan, yaxşı olandan söz aç!

Həm əməli, həm xisləti gözəldən,

Küsdürülmüş könlü alandan söz aç!

 

Dünya ki var, yaranışdan belədir,

Burda ahu, o bir yanda tələdir.

Neyləməli, kölə elə kölədir,

İgid olub darda qalandan söz aç!

 

Düşüncə var, nağıl kimi şirindir,

Düşüncə var, dəryalardan dərindir,

Cəng meydanı ər olanın, ərindir,

El-aləmə ün, ad salandan söz aç!

 

Usanmışıq daha giley-güzardan,

Qan-qadadan, dərd-bəladan, azardan,

Ümid dolu dan yerini qızardan,

Dünyamıza nur paylayandan söz aç!

 

Zülmətin də gözündə bir nur yanar,

Bu bir zərrə nurdan könül nurlanar,

Qanatdıqca, Zəka, ürəklər qanar,

Yaralara məlhəm bulandan söz aç!

15.04.2025