Zəka Vilayətoğlu: - EY!.. CAN ANAM!

Ey!.. Can anam! Səndən sonra
Mən ömrümün yollarında
Büdrəyə-büdrəyə qaldım!
Qar-sazaq, şaxta bir yana –
Yayın qızmar günlərində
Titrəyə-titrəyə qaldım!
Mən ki hələ uşaqmışam,
Qəlbi kövrək, körpə uşaq...
Yoxluğun anlatdı mənə –
Dərddən-qəmdən uzaqmışam,
Dərd tanıdı üzü yumşaq,
Kəməndini atdı mənə!
Bilirsənmi, sənsizliyin
Yaşı, artıq dörd olmaqda,
Boy atıb da böyüməkdə.
"Ana!" – deyib, illər öncə
Sənə sarilan qollarım
Uyuşmaqda, keyiməkdə.
Səndən sonra hürkək olub,
Qorxa-qorxa yaxınlaşır,
Sevincim də, fərəhim də.
Tanımazdı qəm könlümü –
Nə zaman ki sən var idin –
Sevincimdə, fərəhimdə!
Gecə-gündüz, səndən ötrü
Sızladıqca qılıqlayıb,
Əridirəm ürəyimi.
Konfet kimi şirin sözlə
Aldadıram uşaq kimi,
Kiridirəm ürəyimi...
Anam, anam, sən gedəli,
Bizi atıb tərk edəli –
Dörd il olur... dörd il olur...
18.05.2025