YENİ AQİL ABBASLAR DOĞULANADƏK KÖHNƏ AQİL ABBAS YENİ AĞDAMDAN YAZACAQ - Aqil ABBAS yazır
Bu gün Ağdam şəhərinin erməni işğalından azad olunmağından 3 il ötür. Yəni Ağdam günü deyirlər buna. Ağdamlılar üçün bundan xoş, bundan sevincli ayrı bir gün ola bilməz. Yəni ağdamlılar bunu bayram kimi qeyd edir. Ən böyük bayramı isə inşallah, ağdamlılar Ağdama köçəndən sonra qeyd edəcəklər. O gün uzaqda deyil, 30 il gözlədik, bir 3 il də gözləyərik.
İnşallah, Ağdama qayıdandan sonra analarımız, bacılarımız, xanımlarımız yenidən allahverdibağırovlar, eldarbağırovlar, fredasiflər, dəliərşadlar, adilnadirovlar, əkrəmismayılovlar, xallışahinlər, şahinhümmətəliyevlər, şadıvaqiflər, eldarkərimovlar, kürdfaxılar, nizamihəkimlər, əlifoğlunazimlər, xuduməmmədovlar, rafiqəliyevlər, adilənamazovalar, şahmarəkbərzadələr, familmehdilər, səxavətməmmədovlar, rəmişlər, qədirrüstəmovlar və sair və ilaxır doğacaq.
Və Ağdam əvvəlki dəli-doluluğuna, şurluğuna, şuxluğuna, zarafatlarına, cavan oğlanların qız üstə davalarına və «Qarabağ» komandasının oyunlarına bilet almaq üçün qırğınlarına, bilet tapa bilməyənlərin hasardan keçmələrinə dönəcək.
Yeni «Qarabağ bülbülləri» yaranacaq. Allah Murad Rzayevə ömür versin, kəndbəkənd gəzib bülbülləri tapacaq.
Rafiq müəllimlər yeni muğam məktəbləri yaradacaqlar.
Famillər, zakirlər, batumlar yeni restoranlar açacaqlar. Yeni aqilabbaslar da yeni Ağdamdan yazacaq. Surxayəlibəylilər də «Ağdam – qibləgahım mənim» adlı yeni kitablar yazacaq.
Lap yadımdan çıxmışdı Sərdar həkim və sərdarhəkimlər də yeni bir dəlixana tikəcək dəli dilbərlər üçün, xanəhmədlər üçün.