Xatirə Fərəcli - ŞEİRLƏR
TOXUNSAN DONARSAN
Toxunma,
ruhumun ağrıyan yeri
Soldurar dünyanın rəngini, sökər.
İtirər fəhmini, qarışar aləm,
Cahana bir ağrı zülməti çökər.
Diri udar nə var o ölü zülmət
Udar, nə mərhəmət, nə insaf qanar.
Ağrılar görünməz kimsəyə üzdən
İnsan korun-korun içindən yanar.
İçdəki tüstüdən qurum bağlar can
Ha gizlət, gözləri satar adamı.
Toxunsan, donarsan yandığım yerdən
Mən soyuq adamam, mən hal adamı.
***
Gözünün yaşı
ovcunda olan adamın
ovcu, əli açıq olar,
ürəyi tərtəmiz,
uşaq məsumluğu gəzdirər içində,
nə xılt qalar ürəyində,
nə yığıntı
yuyub axıdar gözündən,
ən qorxusuz,
ən güvənli adamdır
gözüsulu adam,
könlü kəpənək,
üzü gerçək,
üzüsulu adamdır
gözüsulu adam.
Söz oyununda
İçimə çəkilib daldalanmışam
Dəli duyğularım öz oyununda,
Təpədən dırnağa misralanmışam
Çarpışan fikirlər söz oyununda.
İntizarım bilmir nə hədd, nə hüdud,
İtir, güman itir, üzülür umud,
Yüklənən kirpiklər- toqquşan bulud
Yaşlar qıraq gedir göz oyununda.
Sən qutsal sandığın kimində oyun,
Aşkarında oyun, sirrində oyun,
Ömrümüz illərin əlində oyun,
Özümüz taleyin boz oyununda.