Xanım İsmayılqızı :- Do - və başlanır hər şey

Do - və başlanır hər şey.
Kodlanılan həyatın
İlk şəkli, ilk nəfəsi.
Re - nəfəsin ikinci səsi.
Dünyaya gəlişinin
Birinci birləşməsi.
Ayrılığın, görüşlərin do-redədir,
Qalan hər şey irəlidə, geridədir.
Mi - üçüncü pilləni qurur.
Ayaqlar əsə-əsə
Bu notun üstündə durur.
İlk kəlmələr
Do-re-mi içində yoğrulur.
Fa - düşüncənin açarı.
Hisslərin kökünü tutaraq
Birləşdirir dil tapanları.
Do-re-mi-fada çalınır
Dörd hecanın dörd həmləsi,
Duyğuların çox mərtəbəsi.
Sol - cütlükdən yaranan biri.
Dörd notun ən gözəl ətiri.
Birinin səndən keçməsi,
Həyatın yeni mərhələsi.
Lya - altıncı qatın adı.
Bu qatda qaynamaq var.
Beş notun ahəngini
Tutaraq oynamaq var
Və bir də qanadları
Çiynində saxlamaq var.
Si - sonuncu nöqtədi.
Bütün notlar içində
Yenilənən kökdədi.
Do - ürəyindən keçir,
Re - ruhunu oxşayır,
Mi - hisslərin yenidən titrəməsidi,
Fa - ömrünün sevgisidi,
Sol - səndən doğulanlardı,
Lya - müdriklik mərtəbəsidi,
Si - gözlərin sonuncu pərdəsidi...
Do-re-mi-fa-sol-lya-si
Dünyanın yeddi səsi...
Hər adamın bitirdiyi
Bir ömürlük nəğməsi...
: