Aida Adıgözəl : - Bir gün yıxılarsan ürəyin üstə...

Ədəbiyyat 15:09 / 19.05.2025 Baxış sayı: 1132

 

***

Bir gün yıxılarsan ürəyin üstə,

acı etirafdan ‐ "sevmirəm səni"...

o gündən taparsan dərdi, kədəri,

canından çıxmayan qəmi ‐ qüssəni.

Anlarsan ‐

Sevmək də dəhşətmiş, sevilməmək də!

Sınıb dağılarsan qaranlıqlara,

hər qırıq qəlbində min yara açar,

inamın yıxılar, güvənin itər,

hər gün şübhələrin min yana qaçar.

Anlarsan ‐

Unudulmaq dəhşətmiş, unutmamaq da!

Özünü aldadıb inandırmağa

tapıb yapışarsan saman çöpündən,

ömrün uzadarsan xəyallarının,

çıxmaq istəməzsən yalan gölündən.

Anlarsan ‐

Getmək də dəhşətmiş, gedəmməmək də!

Uduzmaq ağırmış, həzm etmək çətin,

ölmək istəyərsən dəyərin üçün,

bir gün inanarsan demə dəyməzmiş,

səni düşünməyən "gərəyin" üçün.

Anlarsan ‐

Ölmək də dəhşətmiş, öləmməmək də!