Vasif Süleyman : - “UNUDA BİLMİRƏM” DESƏN, NƏ OLAR…

Ədəbiyyat 21:33 / 24.11.2022 Baxış sayı: 1105

 

 

Ürək deyiləndən yarımasam da,

Çırpınır sinəmdə zalım quş kimi,

Sən məni bircə yol unutmasan da,

Özünü göstərdin unutmuş kimi.

 

Bir dəli sevgini qoyduq yarıda,

Ya mən geri dönüm, ya sən… Nə olar…

Əlindən qaçırdın yuxuları da,

“Unuda bilmirəm” desən… Nə olar…

 

Kimin günahı nə, dil açıb desin,

Bəlkə sahibini gəzir bu sevgi.

Əlində qalmışıq qürurun, hissin,

Hərəni bir yanda əzir bu sevgi.

 

Özün də bilmədən çəkilir səsin,

Nəyi unudursan… Niyə… Bilirsən?

Dolansan başına körpə sevginin,

“Unuda bilmirəm” deyə bilirsən…

 

Ürək deyiləndən yarımasam da,

Çırpınır sinəmdə zalım quş kimi,

Sən məni bircə yol unutmasan da,

Özünü göstərdin unutmuş kimi.