Vasif Süleyman : - KÖRPƏ

Ədəbiyyat 16:29 / 24.01.2023 Baxış sayı: 1543

Laylasını ata çaldı, göynədi,

Nə dedisə, ona dedi bu körpə.

Göz açanda anasını görmədi,

Dil açanda “ana” dedi bu körpə.

 

Hələ nə var, yığa bilmir huşuna,

Belə ağrı çətin ötə, daşına.

Elə çəkir göy nimçəni başına,

Haçan görüb ana südü bu körpə…

 

Gəlib düşdü aralığa nəhs hardan,

Qulağını dəlib keçir səs hardan…

Hər dinəndə ana deyir, bəs hardan,

Hardan bilir, ana nədi bu körpə…

 

Böyüməyi dərd olacaq, ona dərd,

Dərdinmi var, Allah bundan yana dərd.

İndi girib qiyafəyə, dona dərd,

Sonra necə çəkər dərdi, bu körpə…