Ülkər Nicatlı - Ayıra bilməz...
Yuxuma gəlmişdin bu gecə,
sinəmdəki duyğular
vüsal mehindən
titrəyirdi incə-incə.
Yanaqlarımda çiçəkləyirdi.
əllərinin təması,
Sənli günlərin ətri
hopmuşdu yuxuma,
Gülümsəyirdi ovcumda
toy günümün hənası...
Ürəyim sənin həsrətini
nimdaş paltar kimi soyundu,
Kövrək xatirələr
sənin vüsalının işığında
cənnət pərisi kimi yuyundu...
Yuxuma gəlmişdin bu gecə,
Yenə sevgi qoxuyurdu
mehriban baxışların.
Xəyalın rəngarəng etmişdi
ömür xalçamdakı
butaları,
naxışları...
Yuxuma gəlmişdin bu gecə,
Bax beləcə
gecənin yuxusu qaçmışdı yuxumda...
Adını pıçıldayırdı
könlümün vəfa çiçəkləri...
Ölüm də ayıra bilməz
sevən ürəkləri...