MEHDİ CALAL  -    GÖZLƏDİM   

Ədəbiyyat 10:32 / 05.05.2026 Baxış sayı: 224

                                      

Tufarqanlı Abbas sevda yolunda,..

Qeys düşəndə çölə, səni gözlədim.

Kərəm yandı, öz ahında qor oldu;

Könlüm oldu şölə, səni gözlədim.

 

Ömrə, günə al şəfəqlər saçıldı,

Qara-qara qaranlıqlar qaçıldı.

Düymələnib, qönçələndin, açıldın,

Çevriləndə gülə, səni gözəldim.

 

Sirli eşqim, əhdim, andım içimdə,

Dilqəm kimi ovxalandım içimdə.

Hər gün yüz yol havalandım içimdə,

Gətirmədim dilə, səni gözlədim.

 

Təmiz eşqi ucuz tutdu çoxları,

Halalına haram qatdı çoxları.

Var dalında gedib yatdı çoxları,

Mən yatmadım, elə səni gözlədim.

 

Özgə rəngə bürünmüşdü hər nə var,

Alışdı saz, tutuşdu ney, yandı tar.

Bu sevdada qana batdı adamlar;

Bürüyəndə tülə, səni gözlədim.

 

Gördüm gözü  kölgəliydi baxışı,

Yazın, yayın, hər payızın, hər qışın.

Tükənmədi ömrün, günün savaşı,

Qar ələndi telə, səni gözlədim.

 

Ta o gündən sağım, solum qalmadı,

Qalan ömrə ölüm–qalım qalmadı.

Gözləməkdən başqa yolum qalmadı,

Talan oldum, belə səni gözlədim...