“ATA LAYLASI”NIN ÖMÜRLƏRƏ YAYILAN ƏKS-SƏDASI

YAZARLAR 09:22 / 05.05.2026 Baxış sayı: 268

 

(Azərbaycan yazıçısı Tofiq Əmrahovun söz dünyasına qısa səyahət)

 

“Dün­ya­da nə qə­dər ki­tab var be­lə,

Ça­lışıb, əl­ləşib gə­tir­dim ələ.

Oxu­dum, oxu­dum, son­ra da var­dım

Hər giz­li xə­zi­nə­dən bir dürr çı­xar­dım”.

Nİ­ZA­Mİ GƏN­CƏ­Vİ (1141-1209)

klas­sik Azər­bay­can şai­ri və fi­lo­so­fu.

 

Gənclik illərindən qəzət oxumaq kimi bir vərdişim hələ də qalmaqdadır. Hətta nəyəsə bükülmüş köhnə qəzetləri də oxumaqdan zövq alıram. Təxminən 10-12 il bundan əvvəl gənc dostum Elnur Baxışın əlində bükülü qəzetlər gördüm. Alıb baxdım. Eyni qəzetdən iki nüsxə görüb birini götürdüm. Elnur Baxış utancaqlıqla dedi,  “birini özümə, birini də orada hekayəsi çıxmış Tofiq müəllim üçün almışam”. Ona: “özün üçün ayrısını alarsan...” – deyib ərklə nüsxələrdən birini götürdüm. Qəzetdə müəllifin imzasına ilk dəfə rast gəldiyim üçün hekayəni maraqla oxudum. Oxuduqca sanki Tofiq Əmrahov dünyasına qədəm qoydum.

Hekayədə bir gəncin dramatik həyat macərasından bəhs ediliirdi. Hekayə ilə birlikdə müəllifin ağ-qara fonda fotoşəkli də verilmişdi. Sima mənə tanış gəldi. Bu, mənim Birinci Qarabağ Müharibəsinin qəhrəman döyüşçüsü kimi qiyabi olaraq tanıdığım Azərbaycan Milli Ordusunun zabiti Tofiq Əmrahov idi.

Qısa tanışlıq. Əmrahov Tofiq İsmayıl oğlu 1963-1965-ci illərdə keçmiş Sovet ordusunda hərbi xidmət keçib. 1968-cildə Gəncə Dövlət Universitetini, 1992-ci ildə isə ikinci təhsil olaraq Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını (indiki Azərbaycan Dövlət Aqrar Universitetini)  bitirib. Todan kənd orta məktəbində müəllim işləyib. 1967-ci ildən 1987- ci ilə qədər rayonda müxtəlif rəhbər vəzifələrdə çalışıb. Xidmətləri keçmiş SSRİ-nin bir çox medalları və dövrünün nüfuzlu “Qırmızı Əmək Bayrağı” ordeni ilə dəyərləndirilib, respublikanın üç partiya qurultayına nümayəndə seçilib.

Müstəillliyimiz əldə olunduqdan sonra da rəhbər vəzifələrdə, o cümlədən 2002-ci ildən 2011-ci ilin sonuna qədər kənd ərazi icra nümayəndəsi vəzifəsində çalışıb. Erməni silahlı birləşmələrinin təcavüzü zamanı 1990-cı ildən 1995-ci ilədək özünümüdafiə dəstələrinə rəhbərlik edib.

Tofiq müəllimin ədəbi fəaliyyəti də ömür yolu qədər zəngindir. İndiyədək onun doqquz kitabı işıq üzü görmüşdür (“Bir ömrün səhifələri”, “Tale yazım”, “Həyatım mənim”, “Gərək elə yanam ki...”, ”Kaş ki...”Görüş”, “Zərbə...”, ”Kimdir günahkar”, “Ömür yolu...”). Ədib həmçinin “Tofiq Əmrah” və “Tofiq Eloğlu” imzalı şeirlərin də müəllifidir. Yeni Azərbaycan Partiyasının,  Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Hazırda Birinci Qarabağ Müharibəsinin veteranı, Azərbaycan Milli Ordusunun ehtiyatda olan kapitanı, və dövlət qulluqçusu kimi təqaüddədir.

O, beş övlad böyüdüb tərbiyə etmişdir. Onlar ölkədə mühüm vəzifələrdə çalışır. Oğlu Vahid Əmrahov Azərbaycan Dövlət Aqrar Universitetdə  kafedra müdiridir.

Onun qəzetdə çıxan hekayəsini oxuduqdan sonra hələ şəxsi tanışlığımız yaranmadığı halda onun “Gərək elə yanam ki...” hekayələr kitabını əldə edib oxudum və “Ömür yolunun “ömür yolu nağılı” adlı məqalə yazdım. Bundan sonra Tofiq müəllimlə şəxsi tanışlığımız başladı. Məqalədə kitabın ədəbi-bədii məziyytələri haqqında söz açdım. Ümumiyyətlə, “Gərək elə yanam ki...” kitabına daxil edilmış hekayələr özünün məna dərinliyi, məzmun zənginliyi, mövzu kamilliyi, səmimiliyi ilə oxucu hisslərini  məkandan-məkana, zamandan-zamana daşıyır. Hekayələr həm də dilinin sadəliyi, mövzularının rəngarəngliyi ilə bir oxucu kimi zövqləri oxşayır.

Hekayələrini oxuduqca adama elə gəlir ki, mənəviyyatca zəngin, müdrik bir şəxslə, ziyalı ilə qarşı-qarşıya əyləşib söhbət edirsən. Mövzudan asılı olaraq həmsöhbətin gah gənc, gah ahıl, gah da həmyaşıdın olur. Oxucuya elə gəlir ki, gah müəllimlə, gah mühəndislə, gah həkimlə, gah da vətəni qəlbi qədər sevən məğrur bir döyüşçü ilə həmsöhbətdir.

Bu ədəbi qayə Tofiq Əmrahov yaradıcılığında bir ana xətt kimi keçir, leytmotiv təşkil edir. Daha doğrusu, insanlıq, insanpərvərlik, ümumiyyətlə, insan amili Tofiq Əmrahov yaradıcılığının mayasını təşkil edir. Bir sözlə “Gərək elə yanam ki...” kitabı müxtəlif  yaş qrupundan olan, müxtəlif dünya görüşə, müxtəlif maraq dünyasına malik oxucuların ədəbi zövqünün təmin olunması qüvvəsinə malik bir əsər təsiri bağışlayır.

Yaradıcılığına yaranmış bu maraq və vurğunluq mənim Tofiq Əmrahovla şəxsi tanışlığımızın daha da dərinləşməsinə, səbəb oldu. Və... mən onun bir çox hekayələrinin ilk oxucusularından birinə çevrildim.

Haşiyə. Ömür yolu”, “Günah kimdədir?,, “Gərək elə yanam ki...” kitabının redaktoru oldum. “Gərək elə yanam ki...” kitabına “Adın çəkiləndə”, “Ana ürəyi”, “Ata laylası”, “Bütövlük”, “Çoxbilmiş, “Çörək”, “Dost tərifi”, “Dost zarafatı”, “Döşəyin altına qoy”, “Falabaxan”, “Gərək elə yanam ki..”, “Gülməli əhvalatlar”, “Salatın bibinin bayatiıarı”, “Amin, ay əmi!”, “Haqq da var imiş, divan da”, “Xəyanət” və bu kimi müxtəlif məzmunlu, maraqlı hekayələr  daxildir.

O zaman mən “Gərək elə yanam ki...”  hekayələr toplusuna  “Təbiətin özündən yoğrulmuş yaradıcılıq...” adlı daha bir məqalə də yazdım.

Məqalədən: Azərbaycan oxucusuna təkcə Birinci və İkinci Dünya müharibələrində iştirak edərək özlərinin müşahidələri əsasında əsərlər yazan və yazdıqlarının iştirakçısı olan xeyli yazıçı məlumdur.

Oxuculara dünya ədəbiyyatından bir çox hərbçi yazıçılar tanışdır. Bu yazıçılardan bir çoxu silahlarından cox qələmləri ilə tarixə düşmüşlər. Rus yazıçısı Lev Tolstoy ("Hərb və Sülh" romanı),  Amerikalı yazıçı Ernest Heminquey  ("Əlvida, silah"), Alman yazıçısı Henrix Böll ("Qatar vaxtında gəldi",  "Yolçu, sən Spaya gələndə...",  "Harada idin, Adam?", "O illərin çörəyi"), Jan-Pol Sartr ("Milçəklər", "Bağlı qapı arxasında", "Mövcudluq və heçlik"), rus yazıçısı, şairi Mixail Lermontov və başqa məşhur yazarlar bilavasitə müharibə ocaqlarında döyüşmüşlər. Hətta Şair Şocentsuk Aliy İkinci Dünya müharibəsinə qatılıb, əsir düşüb və Adolf Hitler tərəfindən güllələnib.

Qardaş Türkiyə yazarlarından Orhan Seyfi, Celal Sahir, Hamdullah Suphi, Ömər Seyfəddin və başqaları da müxtəlif müharibələrdə və döyüşlərdə iştirak etmişlər.  

Azərbaycan şairlərindən Səməd Vurğun, Süleyman Rüstəm, Osman Sarıvəlli, Məmməd Rahim, Rəsul Rza, Hüseyn Arif,  Nəbi Xəzri, Xalq yazıçıları Əbülhəsən ("Dünya qopur", "Müharibə" və "Dostluq qalası"), qanlı müharibədən bəhs edən sarsıdıcı əsərlərin müəllifi Ənvər Məmmədxanlı, "Cəbhə gündəlikləri" kitabının müəllifi İsmayıl Şıxlı, “General” romanının müəllifi Hüseyn Abbaszadə,  Qılman İlkin, Əli Vəliyev və İlyas Əfəndiyev də müharibə mövzulu əsərlərin müəllifləri kimi Azərbaycan ədəbiyyatı tarixinə yazılmışlar.

Azərbaycan tarixinin qanlı səhifələrindən  olan Qarabağ müharibəsində də  İlham Tumas, Cavid Əlioğlu, Emin Piri, Oğuz Alparslan, Toğrul Kərimli, Elvin Məmmədli, Səbuhi Qurbanov, Taleh Şahsuvarlı, Həsən Kür, Orxan Səlifov, Eyvaz Əyyub, Tamerlan Əsədov, Nicat Ağayev, Vüsal Hətəmov və  başqaları  kimi çağdaş şair və yazıçılarımız mənalı döyüş yolu keçmiş və Qarabağ müharibəsi haqqında dəyərli əsərlər yaratmışlar...”.

Tofiq Əmrahov yaradıcılığı isə özünə məxsusluğu ilə seçilir. Müəllif  bilavasitə müharibədən, qanlı döyüşlərdən yazmadığı hekayələrində də müharibənin təsiri və zəhərli nəfəsi hiss olunur.

Ədiblər müharibənin, eləcə də həyatın keşməkeşli anlarını hamıdan yaxşı düyür və bütün bunları öz əsərlərində əks etdirirlər. Əlbəttə bütün hallarda ən təsirli mövzu hərb mövzusu olaraq qəbul olunmaqdadır.

“Ömür yolu” kitabı müharibə qəddarlıqlarının,  Birinci Qarabağ müharibəsinin və “Goranboy əməliyyatı”nın ən fəal iştirakçılarından biri – Azərbaycan Ordusunun zabiti olan Tofiq Əmrahov tərəfindən  qələmə alınmış hekayələr toplusudur.

Tofiq Əmrahovun həcmcə kiçik, lakin məna və məzmunca roman  tutumuna malik  hekayələrindən təşkil olunmuş kitablarını oxuduqca müharibənin törətdiyi müsibətlər oxucunun gözləri önündə bir film kimi canlanır.

“Qana boyanmış çörək” hekayəsində yazıçı Siyasət ana timsalında məğrur və qorxmaz Azərbaycan qadınının obrazını yaratmağa nail olmuşdur. Hekayədə təsvir olunduğu kimi kənd düşmənlər tərəfindən mühasirəyə alınca da, hər tərəfdən atəşə tutulsa da ana təndirdə çörək bişirir. Həyat yoldaşının, qızının, qardaşının təkidlərinə baxmayaraq ana işini dayandırmır. Deyir: “Komandir Tofiq müəllim desə ki, çıxın kənddən, onda çıxaram. Bilərəm ki, artıq kənd düşmənə təslim olur”, – deyə cavab verir.

Lakin sonluq dəhşəti olur. Ana çörəyin birini çıxardır. İkinci çörəyi çıxardanda düşmənin atdığı top gülləsi ana ilə  birgə bişirilmiş çörəyi də qana bulayır.

“Qana boyanmış çörək” hekayəsi Qarabağ müharibələri  mövzusunda yazılmış ən dəyərli əsərlər sırasına daxil edilməyə layiqdir. Bu hekayəni oxumağı bütün oxuculara tövsiyə edərdim.

Ümumiyyətlə, Tofiq Əmrahovun Qarabağ müharibəsindən, müharibənin törətdiyi problemlərdən bəhs edən kədər və qəm libaslı, həyəcansız oxunması mümkün olmayan belə hekayələri çoxdur. Bu hekayələri oxuduqda oxucu özünü hekayə  qəhrəmanları ilə bir sırada hiss edir, xəyalən onların yanında olur.

Tofiq Əmrahov təbiətinə xas olan həlimlik, hərbçi sərtliyi, döyüşçü məğrurluğu, vətəndaş bütövlüyü əsərlərinə də sirayət etmişdir. Onun yazı dili sadə, təsvirləri inandırıcı, məntiqli və təbii, üslubu rəvandır.

Cümlə quruluşu sadə, izahı xalis el dilində, məntiqi kəskin, mühakiməsi inandırıcı, söhbətləri şirin, eyhamları saf və kəskindir. Onun hər bir hekayəsi böyük bir povest, roman və dastan tutumuna malikdir. Tofiq Əmrahov bir müəllif olaraq  müharibə səhnələrini  səriştəli hərbçi, bədii təsvir vasitələrini təcrübəli yazar kimi  təqdim edir. O, hekayələrində insan amilini, insan şəxsiyyəti, insan taleyi ön planda, dolğun şəkildə təqdim olunur. Yazıçı insanı, insanlığı öz dəyərində təqdim etməklə ataya, anaya, böyüyə, insana, insanlığa, nəhayət, vətənə məhəbbət hissi aşılamağı qarşıya əsas məqsəd kimi qoyur və buna uğurla nail olur.

Tofiq Əmrahov yaradıcılığına xas olan xüsusiyyətlərdən biri də hissləri tarıma çəkmək və oxucunu intizarda saxlamaq bacarığıdır. Bir çox hallarda o, qəhrəmanlarının qarşılaşdığı bədii problemin həllini hekayənin son cümləsinə qədər qoruyub saxlayır, son mühakimə haqqını oxucunun ixtiyarına buraxır.

Hekayələrində, bəzən özünü, bəzən epizodlardan birini , bəzən isə oxucunu  əsərin qəhrəmanı hesab edir. Tofiq Əmrahov qəhrəmanlarını oxucu ilə hər tərəfli tanış edir, onlarla oxucu arasında körpü yaradır, müəllif – oxucu – epizodlar üçbucağında münbit bir mühit yaratmağa nail olur. O, qəhrəmanları və oxucuları ilə münasibət qurmağı, onlarla ünsiyyətdə olmağı, onlarla birgə sevinib-kədərlənməyi yaradıcılıq manerası səviyyəsində təqdim edir.

Məqaləmdə qeyd edildiyi kimi “Tofiq Əmrahov el dilini gözəl bildiyi üçün yazılarında el deyimlərindən, el arasında işlənən poetik ifadələrdən, nəzm parçalarından, el aforizmlərindən yerli-yerində istifadə edir. Ümumiyyətlə, Tofiq Əmrahovun yaradıcılığını nəsrlə nəzmin, nəsrlə poetikanın qarışığı hesab edilə bilər. Ən başlıcası isə onun heç bir cümləsində, heç bir bədii təsvir vasitəsində məntiqi yanlışlığa yol verilmir. Bu isə yaradıcılıqda əsas şərtlərdən biri olmaqla bərabər, yazıçının zəngin  dünyagörüşə, mənəvi zənginliyə, elmi müşahidələrinin kamilliyinə və yetkin ziyalı olmasına dəlalət edir. Bu baxımdan bədii təfəkkürün məhsulu olsa da hekayələrdəki bir çox tarixi faktlar elmi cəhətdən də maraq kəsb edir. Əvvəllər başqaları tərəfindən cəmiyyətə təqdim olunmuş bir çox tarixi yanlışlıqlar Tofiq Əmrah güzgüsündə öz həqiqi simasında görünür”.

Tofiq Əmrahın hər hansı bir hekayəsini oxuduqdan sonra adam özünü onun bədii qəhrəmanları arasında hiss edir, ona  elə gəlir ki, indicə bir sənədli və ya bədii filmə baxıb. Bəzən oxucu uzun müddət hadisələrin təsir dairəsindən kənara çıxa bilmir.

Povest və hekayələrində Tofiq Əmrahov bir müəllif olaraq, gah nəvələrinə (və bütün nəvələrə) nağıl söyləyən müdrik baba, gah sinif otağında müəllim qarşısında əyləşən şagird, gah əli silahlı döyüşçü, gah əlində  tabaşir dərs izah edən müəllim, gah ağ xalatlı həkim, nəhayət xalqını, vətənini, elini sevən bir vətəndaş kimi sıxış edir. Ən əsası isə  onun yaradıcılığının əsasını  milli dəyərlərimizə, adət-ənənələrimizə hörmət, vətən və vətənə məhəbbət təşkil edir.

Tofiq Əmrahov vətəni doğulduğu Todandan başlayan ilahi bir varlıq kimi təsvir, təbliğ və təqdim edir. Yazıçı Todanı kəndlər kəndi, diyarlar diyarı, obalar obası, vətənlər vətəni kimi təsvir edir.

Yazıçı “Bura Todandır” hekayəsində  hisslərini belə ifadə edir: “...Mənim görünməyən qanadlarımdır Todan. Bu qanadların böyüklüyü də, əzmi də ruhumun qidasıdır. Bu torpağın hər qarışı, hər zərrəsi cismimə, ruhuma hopub. Kəpəz, Murov olub Todanımın sərhədlərinə sarılmışam. Bulud olub üstünə kölgə salmışam, yağış olub səmasından süzülüb torpağına axmışam. Dağların əzəmətində yoğrulan, tarixin dərinliklərində yurd salan vulkandır Todan. Mənsə, Todanı canından çox sevən el oğluyam.

İndi yaşım çoxdur... Sizin yaşınızda olanda elə bilirdim Todanımın da, ayaqlarını ona yorğun-yorğun basan todanlıların da  yaşı çoxdur. İndi yaxşı anlayıram ki, insan da torpaq kimidir...” (“Bura Todandır” hekayəsindən).

Bu sətirləri yazarkən Tofiq Əmrahov hekayələrinin qəhrəmanları bir film qəhrəmanları gözümün önünə gəlir. “Ömür yolu” kitabı onun vətəndaş və hərbçi ömrünün mənalı hekayəti olduğu kimi, digər kitablarının da hərəsi bir amalın təbliğinə yönəlmiş hekayələr dəfinəsidir.

“Ata laylası” hekayəsini yazıçı bu cümlələrlə bitirir:...Əzizin bu qəmli hekayət məni də bir  jurnalist olaraq çox sarsıtdı. Və söz verdim ki, onun bu hekayətini olduğu kimi  yazacağam. Yazacağam ki, başqa kişilərə də bir həyat dərsi olsun. Ailə dəyərlərini qorusunlar, həyat yoldaşlarına, övladlarına şəfqətli olsunlar. Bilsinlər ki, sevgini, ailəyə, övlada məhəbbəti bu cür yaşadanlar var!

Sözümə əməl edib bu hekayəni  qələmə aldım: – “Ata laylası!””

Tofiq Əmrahov səriştəli yazar kimi mövzu seçimindən ustalıqla istifadə edir. Adına baxmaqla oxucu hekayədə nədən bəhs olunduğunu dərhal anlaya bilir. Bəzən müxtəlif mövzular bir adla da təqdim olunur. Məsələn, yazıçının məhəbbət və ata-oğul münasibətlərinə həsr olunmuş “Görüş” adlı əkiz hekayələri vardır.

Tofiq Əmrah öz qəhrəmanlarını ədalət tərəzisindən, həqiqət güzgüsündən, məntiq ələyindən keçirməklə ədəbi meydana çıxarmağı, şöhrət zirvəsinə qaldırmağı, lazım gəldikdə isə məzəmmət etməyi, hətta “qulaqburması” verməyi ustalıqla həyata keçirməyi sevən bir ədibdir.

Haşiyə. “Ana” segahı oxumağı sifariş edən oğula: “...Xanım xanəndə pulun beş manatını götürüb, beş manatını isə Məhəmmədin özünə qaytardı və bu beş manatla gedib anana bir cüt qaloş alarsan, – dedi. Elə bil, bu sözlər bir qaynar qazan su olub başından töküldü. O mahnıya, verdiyi sifarişə qulaq asmadan şənlik evini tərk etdi. Evə necə gəldi, özü də bilmədi. Bir vaxt oyandı ki, paltarını soyunmadan belə yatmışdır...” (“Ana ürəyi” hekayəsi).

Məlumdur ki, hər hansı bir əsərin əsas məziyyətlərindən biri də bədii təsvir vasitələridir. Tofiq Əmrahov bədii təsvir vasitələrindən nə az, nə də çox, –yetərincə, qaydasında və yerli yerində istifadə edir. Belə hallarda, adətən bədii təsvir vasitələri hekayənin mövzusuna və epizodların  əhvalına, qəhrəmanın ruhuna uyğun şəkildə, bəzən isə təzadlarla təqdim olunur. Onun əsərlərinin qəhrəmanlarının hərəsi müxtəlif əqidəli, müxtəlif xislətli, müxtəlif dünya görüşlü olsalar da Tofiq Əmrahov  meyarlarından keçməklə öz tərcümeyi-hallarını yardaqaraq sərgiləyirlər

Füzuli Rüzgar yazıçının “Gərək elə yanam ki...” kitabına yazdığı  “Bütövlük” adlı  “Ön söz əvəzi”ndə bu məqamı belə təsvir edir: “...Müəllif oxucunu əlindən tutub onu zülmət gecələrdə keçilməz cığırlardan keçirir, ona bələdçilik edir. O, insanlığı, insan amilini ön planda təqdim edir... Əslində insanlar doğulanda onların tərcümeyi-halı olmur, taleyi olur. Tale dolambaclarından ağılla, kamalla çıxanlar öz tərcümeyi-halını yazırlar…” (Füzuli Ruzigar. “Bütövlük”)

Belə deyirlər ki, yazıçının yaşı olmur. Onun yaşı qəhrəmanlarının və əsərlərinin yaşı ilə ölçülür. Tofiq Əmrahov da öz povest və hekayələrində müxtəlif yaşlarda təsəvvürə gəlir. Yazıçı əhvali-ruhiyyələr bilicisi kimi əsərlərində mövzuya uyğun duyğuları ön planda, ana xətt kimi təqdim edir. O, “Çörək” hekayəsində aqilliyin,  “Döşəyin altına qoy” hekayəsində  mənəviyyatca zənginliyin, maddi cəhətdən kasıblığın, “Dost tərifi” hekayəsində müdrikliyin, “Dost zarafatında” şuxluğun, “Gərək elə yanam ki...” hekayəsində mərdlik və sədaqətin, “Haqq da var imiş, divan da!” hekayəsində saf gəncliyin, “İllər ayırdı bizi” hekayəsində sədaqətli dostluğun  incə saf duyğularla tərənnümçüsü kimi çıxış edir.

Tofiq Əmrahovun vətənpərvərlik mövzularına həsr olunmuş hekayələrinin dərsliklərə salınmaq səlahiyyəti olduğu kimi digər hekayələrinin də geniş oxucu auditoriyası tərəfindən zaman-zaman mütaliə olunmaq ixtiyarı vardır.

Azərbaycanımızın müdrik yazarı Tofiq Əmrahov yaradıcılığına uğurlar diləyərək ona möhkəm cansağlığı arzu edirəm.

 

SON

Vətəni “sevdirməzdən” öncə, onu tanıtmaq lazımdır”.

Xudu Məmmədov (1927-1988)

Azərbaycan alimi.

“SON”dan SONRA

Tofiq Əmrahov hər bir hekayəsində vətəni sevməyi, tanıtmağı və sevdirməyi bacaran yazıçı kimi çıxış edir.

 

İsgəndər Səklikov (İsgəndər Fərhadoğlu)

Azərbaycan Respublikasının Əməkdar müəllimi,

AYB və AJB üzvü.