Ayaz Arabaçı - Bütün bayramlardan gözəl idi o...

Ədəbiyyat 09:50 / 05.05.2026 Baxış sayı: 289

Bütün bayramlardan gözəl idi o,

Bütün bayramlardan..

Nə yalan deyim.

1may bayramından doğmuşdu məni,

Zəhmətə, əməyə bağlı taleyim.

Möhtəşəm keçərdi bizdə bu bayram,

Şəfəq bürüyərdi kasıb damları.

Səhər açılandan gün batanadək,

Yeyərdi, içərdi kənd adamları.

İçimdə min dənə işıq sönsə də,

Titrək alovunu qoruyur o şam.

Ötsə də ley kimi yaşım əllini,

Hələ o nəşədən ayılmamışam..

Biz də yığışardıq mayın birində,

Konservdən, çaxırdan-zaddan alardıq.

Bir bulaq başında gülüb-əylənib,

Mahnı oxuyardıq, qarmon çalardıq.

Dərd böyük deyildi, xoşbəxt olmağa,

O vaxt bəs edirdi on - onbeş manat.

İndi iki metr yerimiz yoxdu,

Onda bizim idi bütün kainat.

Asdılar-kəsdilər, məlum oldu ki,

Yaraşmır bu xalqa 1maytək yamaq.

Dedilər kasıblar şənlənə bilməz.

Harınlar üçündü yalnız kef-damaq.

Arzu da qalmadı ürəyimizdə,

Qarğalar-quzğunlar didib sökdülər.

Bir bayramı vardı kasıb - kusubun,

Onun da üstünə beton tökdülər.