Əlizadə  Nuri - Çəkdiyim ahları nəqarət eylə

Ədəbiyyat 12:07 / 05.05.2026 Baxış sayı: 146

 

Gözlərin üstümə qoşun çəkibdir-

Kirpiklərin məni nə qarət eylər!

Bir nəğmə bəstələ mənim qəmimdən,

Çəkdiyim ahları nəqarət eylə!.

 

Ölmüş bir arzunun daş yuvasıyam,

Bu dolu dünyanın boş yuvasıyam...

Gülləyə tutulan quş yuvasıyam-

Apar göy üzünə əmanət eylə...

 

Ayı oğurlanmış bir gecəyəm mən,

Keçmişə yalvaran gələcəyəm mən.

Sənə qovuşanda öləcəyəm mən-

Qoyma yaxınına, ədalət eylə!

Dağdan o üzdəsən- çəkir dağ məni...

İstəsə aldadar lap uşaq məni.

...Yenə də öldürmə, saxla sağ məni-

Yenə də sən mənnən ədavət eylə.

 

Dərviş deyiləmsə, nə gəzirəm mən?

Bir eşqin yolunda müntəzirəm mən...

A qadın, canımda dərd kəsirəm mən-

Gəlib bu kərpicdən imarət eylə...

 

Yaxşı ki, yağışlar göydən sağ düşür,

Yenə bu kor yola bir axsaq düşüb...

Hər gecə yuxuna mən qonaq düşüm-

"Qonaqlıq" verməyə sən adət eylə.

 

Min etmək istəyib, bir eyləmişəm,

Bir gül ürəyində yer eyləmişəm...

...Haçandı bu qəmi pir eyləmişəm-

Hərdən sən də gəlib ziyarət eylə...