Tarix belə misilsiz Zəfəri heç vaxt unutmayacaq

HÜQUQ 08:46 / 05.09.2024 Baxış sayı: 2114

Uzun illərdən bəri həm doğma Qarabağımızın, həm də yeddi rayonumuzun  işğalda qalması xalqımızı, dövlətimizi narahat edirdi. Erməni separatçılarının əllərində saxladıqları torpaqlarımızın sülh yolu ilə azad olunması üçün iyirmi səkkiz il idi ki, ən nüfuzlu beynəlxalq təşkilatların vasitəçiliyi ilə danışıqlar aparılırdı. Hadisələrə humanistcəsinə yanaşan dövlət başçımız qan tökülməsini istəmirdi. Bunun üçün münaqişənin danışıqlar yolu ilə həll olunmasına üstünlük verirdi. Amma Ermənistan müxtəlif bəhanələr gətirərək danışıqlar prosesini getdikcə uzadır, işğal etdiyi əraziləri qaytarmaq istəmirdi. Beynəlxalq təşkilatların irəli sürdüyü sülh təklifləri ilə razılaşmırdı. Danışıqlar prosesinin sanki sonsuzluğa qədər uzatmağa çalışırdı. Buna görə də işğaldakı ərazilərimzin qaytarılması üçün sülhə gətirib çıxaran uğurlu nəticələr əldə olunmurdu. Son zamanlar isə Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını, əbədi olaraq əlində saxlamaq üçün sərsəm-sərsəm təkliflər irəli sürür, reallıqdan uzaq olan bəyanatlar səsləndirir, tez-tez cəbhə xəttindətəxribatlar törədir, vəziyyəti gərginləşdirirdi Azərbaycan Ordusunun zabit və əsgərləri isə separatçıların bütün təxribatlarının qarşısını qətiyyətlə alıb geri oturdurdular.

2020-ci il sentyabrın 27-də səhər ertədən erməni işğalçıları cəbhənin demək olar ki, bütün istiqamətlərindən mövqelərimiz üzərinə hücuma keçdilər. Azərbaycan Ordusunun hissələri işğalçıların qəfil hücumlarının qarşısını qətiyyətlə aldılar. Ağır itki verən qəsbkarlar geri oturduldu. Bundan sonra düşmən işğalına son qoymaq məqsədilə əks-hücum əməliyyatlarına başlanıldı. Erməni işğalçılarının bu qəfil təxribatı nəticəsində 28 ildən sonra İkinci Qarabağ müharibəsi yenidən alovlandı. İllərdən bəri susan silahlar dilə gəldi, toplar gurladı, atəş səslərindən torpaq da diksindi, daş da.İşğalçıların mövqelərinə od ələndi, səngərlərə güllə və mərmilər yağdırıldı.

Elə ilk dəqiqələrdən ordumuzun hissələri döyüşdə üstünlük qazana-qazana  düşmənə sarsıdıcı zərbələr endirdi. İşğalçılar bu dəqiq və sarsıdıcı zərbələrin qarşısında tab gətirməyərək iyirmi səkkiz ildən bəri əllərində saxladıqları, möhkəmləndirdikləri mövqelərdən geri çəkilmək məcburiyyətində qaldılar. Azərbaycan əsgərinin yüksək hazırlığı, ordunun gücü, qüdrəti elə ilk döyüşlərdən aydın göründü. Şanlı ordumuzun zabit və əsgərləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında uğurlu döyüşləri ilə üstünlüyü ələ alaraq qəsbkarları addım-addım torpaqlarımızdan qovmağa başladılar. Ermənilərin illərdən bəri üstündə əsə-əsə qoruduqları, guya keçilməz hesab elədikləri təmas xətti, “”Ohanyan səddi” ordumuz tərəfindən qısa müddət ərzində yarıldı. Belə şad xəbərlərdən, belə sevindirici uğurlardan kədərli çöhrələrə Qələbə sevinci ələndi. Azərbaycan xalqı müstəqilliyinin təminatçısı olan böyük məhəbbət bəslədiyi ordusundan hər gün qələbə xəbərləri eşidildi. Hər gün əlverişli yüksəkliklər, kənd və şəhərlər düşməndən azad olunurdu. Əvvəlki zamanlar işğalda qalmış torpaqlarımıza qayıtmağı biz yalnız xəyal edərdik. Amma artıq xəyalların gerçəkləşdiyi vaxt gəlmişdi. Azərbaycan Ordusu, Azərbaycan əsgəri hünər və qəhrəmanlığı ilə döyüş meydanlarında uğur qazanır, xəyalları gerçəkləşdirirdi. Bir-birinin ardınca işğaldan azad edilmiş şəhər və qəsəbələrində üçrəngli bayraqlarımız dalğalanırdı.

Azərbaycan Ordusunun zabit və əsgərləri torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük hünər və cəsarətlə vuruşurdular. Mövqelərində möhkəmlənmiş düşmən geri çəkilməmək üçün ciddi müqavimət göstərirdi. Amma nə qədər müqavimət göstərsə də, ordu hissələrinin qarşısında dayana bilmirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti döyüşlər zamanı misilsiz qəhrəmanlıqlar göstərirdi. 30 ilə yaxın erməni işğalında qalmış torpaqlarımız da məhz onların cəsarəti və hünəri sayəsində azad olunurdu. Zəfər bayraqları işğaldan azad olunmuş kənd və qəsəbələrdə hərbçilərimizin igidliyinin təntənəsi olaraq dalğalanırdı. Prezident İlham Əliyev 2020-ci il oktyabrın 26-da xalqa növbəti müraciətində hərbçilərimizin qəhrəmanlığını yüksək qiymətləndirərək demişdir: “Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik”.

Doğma Qarabağın, musiqi beşiyimiz olan Şuşanın erməni işğalından azad edilməsi və 44 günlük Vətən müharibəsinin Zəfərlə başa çatması hamımızın qəlbində böyük qürur hissləri oyatmışdı. Ulu Öndər Heydər Əliyevin vəsiyyətini layiqincə yerinə yetirən Müzəffər Ali Baş Komandan Şuşanın erməni işğalından azad olunması müjdəsini müqəddəs məkanımız olan Şəhidlər xiyabanından xalqa növbəti müraciətində çatdırdı. Prezident İlham Əliyevin daim zamanlarla səsləşən  
dediyi dəyərli sözlər illərin həsrətinə son qoyulduğundan xəbər verdi, Zəfər tariximizə qələbə möhürü vurdu. Dövlət başçımız 8 noyabr 2020-ci ildə Şəhidlər xiyabanından xalqa müraciətində demişdir: "Mən bu gün, eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun "dünya azərbaycanlıları!"

Təbiidir ki, qələbə asanlıqla qazanılmadı. Zəfər Azərbaycan dövlətinin və Azərbaycan xalqının gücü, qüdrəti və sarsılmaz birliyi ilə əldə olundu. Müstəqillik əldə etdikdən sonra getdikcə Azərbaycanın iqtisadi gücü və və siyasi nüfuzu dünyada artdı. Azərbaycan Prezidenti İlham Əliyev bu barədə danışarkən demişdir: “Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü və müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi”.

44 günlük Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüdrətini, qəhrəmanlığını və xalqımızın sarsılmaz birliyini dünyaya göstərdi. İkinci Qarabağ müharibəsi başlayan kimi xalqımız bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdi. Bu birliyin, bu gücün qarşısında dayana bilməyən düşmən ağır itkilər verərək geri qaçmağa məcbur oldu. Tariximizə qızıl hərflərlə yazılmış qırx dörd günün hər günü əbədi olaraq yaddaşımıza yazıldı, qısa müddət ərzində dillərdə dastan oldu.

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı tarixidir. Bu şanlı tarixlə bütün gələcək nəsillər öyünəcək. Azərbaycan xalqı, Azərbaycan dövləti 30 ilə yaxın erməni işğalında qalmış ərazilərimizi 44 gün ərzində azad etməklə, iyirmi birinci əsrin tarixinə yeni qəhrəmanlıq səhifələri yazdı. 200 illik tarixində ilk dəfə olaraq xalqımız böyük zəfərin təntənəsini yaşadı, düşmənlərdən işğalda qalmış ərazilərini azad etdi.

Böyük zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsindən, möhtəşəm qələbədən dörd ilə yaxın vaxt keçir. Ötən müddət ərzində dövlətimizin başçısı İlham Əliyev dəfələrlə işğaldan azad olunmuş ərazilərə səfər etmiş, aparılan bərpa və quruculuq işləri ilə yaxından tanış olmuş, müvafiq tapşırıq və göstərişlər vermişdir. Düşmən torpaqlarımızı işğal altında saxladığı müddətdə şəhər və kəndlərimizi darmadağın etmiş, ərazilərə saysız-hesabsız minalar basdırmış, təbiətə ziyan vurmuşdur. İnsan həyatı üçün böyük təhlükə olan  minaların və partlamamış döyüş sursatlarının təmizlənməsi üçün çox mühüm işlər görülür. 30 il əvvəl Zəngilan, Füzuli və Laçın rayonlarından köçkün düşmüş insanların bir qrupu doğma ocaqlarına qayıdaraq dövlətin onlar üçün tikdiyi hərtərəfli şəraiti olan evlərdə yaşayırlar. Dövlətimizin başçısı görüş və çıxışlarında dəfələrlə vurğulayıb ki, azad olunan ərazilərimizdə həyatın bərpa olunması, sakinlərinin yurd yerlərinə qayıtması üçün lazım olan hər cür işlər görüləcəkdir.

Torpaqlarımızın işğaldan azad edilməsindən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda yaşayış evləri ilə yanaşı, bir sıra beynəlxalq əhəmiyyətli layihələr də həyata keçirilir. Artıq Füzuli və Zəngilan beynəlxalq aeroportlarının tikintisi başa çatıb. Laçın rayonundakı beynəlxalq aeroportun tikintisində qızğın işlər gedir. 44 günlük Vətən müharibəsində qazanılan misilsiz Zəfərə, işğaldan azad olunmuş ərazilərdə aparılan möhtəşəm bərpa və quruculuq işlərinə görə Müzəffər Ali Baş Komandana minnətdarıq. Çünki belə misilsiz Zəfərin, belə möhtəşəm quruculuq və bərpa işlərinin sevincini yaşamağı bizə məhz Prezident İlham Əliyev bəxş edib. Tarix belə misilsiz və təntənəli Zəfəri heç vaxt unutmayacaq.

 

 

 

Ədliyyə polkovniki,

Səfər Əhmədov,

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun

Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin rəisi