Tahir Rzayev, millət  vəkili : "Seçki elə bir prosesdir ki, orada müəyyən qüsurlar   qaçınılmazdır."

HÜQUQ 16:43 / 01.02.2025 Baxış sayı: 1869

“Ölkənin ictimai-siyasi həyatında çox mühüm hadisə olan bələdiyyə seçkilərinin şəffaf və demokratik şəraitdə keçirilməsi bələdiyyə institutunun formalaşması üçün çox vacibdir. Mərkəzi Seçki Komissiyasının hesabatına görə, artıq bütün ərazilərdə bələdiyyə seçkiləri uğurla nəticələnib və 685 bələdiyyə seçilib”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Deputat bildirib ki, namizədlər arasında rəqabət hiss olunurdu və hər kəs seçkidə səs qazanmaq üçün qanunvericiliyin tələblərinə uyğun hərəkət edirdi: “Bu proses ölkəmizin imici və bələdiyyələrin gələcək fəaliyyəti, formalaşması baxımından əhəmiyyətlidir. Ən yaxşı namizədlərin bələdiyyələrə seçilməsi yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin həll olunmasına yeni təkan verəcək, bu isə insanların rahatlığı üçün vacibdir.
Vətəndaşların seçimini dəstəkləmək lazımdır. Seçki elə bir prosesdir ki, orada müəyyən qüsurlar, nöqsanlar qaçınılmazdır. Çünki bu prosesdə milyonlarla insan iştirak edir və onların da hər birinin öz istəyi, məqsədi var. Buna görə də bəziləri tərəfindən xırda məsələlərin şişirdilməsi, seçkinin gedişatına kölgə salınması qəbuledilməzdir. Ölkədə seçki prosesi yüksək səviyyədə keçdi. Bu da Azərbaycan seçicisinin öz seçiminə hörmətidir”.