SÜLEYMAN ABDULLANIN   ŞEİRLƏRİ

Ədəbiyyat 09:10 / 08.07.2026 Baxış sayı: 520

BƏLƏDÇİSİZ YOL

Bələdçi gərəkməz görünən dağa,

Dolaşıb özündə azılmış adı.

Bu da başımıza kəsildi ağa,

Adam hesabına yazılmışadı.

 

Bir də var inancın oyuncaq yeri,

Dəmi mürgüləyən imanlı yatır.

Hərdən ən ciddi də olur lağ yeri,

Hər kəsin ruhunda bir qanlı yatır.

 

Kimdi xatırlayan nədir haqqı-say,

Çoxdan unutmuşuq andı-amanı.

Asandır heç nədən çıxartmaq olay,

Gəlmir əsəblərin sakit zamanı.

 

Özündə boğular adam çox kürsə,

Özünü irmaq san, çay bil, - bilirsən.

Hər kəsin adına biri düşürsə,

Səninki heç kimsə deyil, bilirsən.

 

Hər kəsin susmağa haqqı var axı,

Olur ki, söz demək olmur alçağa.

Bəzən düz yolda da çaşır adamlar,

Bələdçi gərəkməz görünən dağa.

 

QÜRBƏT ŞEİRİ

Qürbət elin baharı da qışdı, qış,

Min yerə yaz qismətdi ki, qismətdi.

Bəxt dediyin vaxt olur ki, xoş alqış,

Vaxt da olur lənətdi ki, lənətdi.

 

Asimanı bulud-bulud axsa da,

Dolu düşüb ildırımlar çaxsa da...

Gündüz günəş yaxamızı yaxsa da,

Gecələri zülmətdi ki, zülmətdi...

 

Nə dəyişər gözün qara olsa da,

Uzaqdasan, yaxın ara olsa da...

Ovucunda beş-on para olsa da,

Sinəndəki möhnətdi ki, möhnətdi.

 

Qəribləri yad məmləkət sınayır,

Oğulsansa, düzü səhvdən sən ayır.

Haqlı-haqsız gedənləri qınayır,

Yerli-yersiz töhmət ki, töhmətdi.

 

Həsrəti bir çətən, dərdi bir çətən,

Nə qəmi yarıdı, ağrısı nə tən.

Neyləsən də dönüb olmayır vətən,

Nə olsa da qürbətdi ki, qürbətdi.

 

VAR DÜNYANIN YOX YERİ

 

Düşdüm yox yerinə bir dünya varın,

Görünür talenin mənə qəsdi var.

Duası ünvana çatmayanların,

Mömini, kafiri, bütpərəsti var.

 

Bəlkə də taleyin zarafatıdır,

Doğma dediklərim dönüb oldu yad.

Məndə tənhalığın yeddi qatıdır,

Gah özüm qəribəm, gah da yoldu yad.

 

Nə Tanrı köməkdir, nə Allah kərim,

Duayla dəyişməz bəndənin halı.

Azadlıq istərkən göydən əllərim,

Qolumda bazubənd oldu qandalı.

 

Meyli yağışadır bu il də yazın,

Buludlar köksünü yamanca gərib.

Düşər-düşməzi var olar-olmazın,

Küsən yerdən umur tale şoğərib...

 

O kimdi söyləyən yaşamaq xoşdur,

Basır damarına bəxt adamların.

Göyü də, yeri də, ovcum da boşdur,

Düşdüm yox vaxtına bir dünya varın.