SÜLEYMAN ABDULLA.: - ŞÜKÜR, AĞRILARA...

Ədəbiyyat 08:15 / 17.09.2024 Baxış sayı: 1350

 

Şükür, bu yayı da belə keçirdim,

Ürəyimdə ağrı, canımda sızı.

Beş gün isti sıxdı, üç gün xəstəlik...

Arada toz yağdı göydən qırmızı.

 

Ümid vəd eləmir daha uzaqlar,

Pörşəldi gözümün sozalan yeri.

Üfüq də vaxt tapdı qana dönməyə,

Sağıldı didəmə qızıl dan yeri.

 

Bir də...

yolun keçə dərddən-azardan,

Düşə ümidinə damar-damar çat.

Canın acıyanda bilinir ancaq,

Olar-olmazıyla şirinmiş həyat.

 

Bəzən əcəlin də avand yönü var,

Mən isə tərsini deyib durmuşam.

Nə olsun, özümü tox tuturam, dost,

Çoxdan ürəyimi yeyib durmuşam.

 

Gərəkdir adamın təpəri ola,

Hələ bağlamayıb sinəm sim, şükür.

Nə olsun, arada tər basır... filan,

Şükür, bu yayı da keçirdim, şükür.