Vasif Süleyman : - ŞİRİN XATA

Ədəbiyyat 12:32 / 18.07.2025 Baxış sayı: 1287

 

İndi bu görüşün əlləri uzaq,

İndi bu gorüşün ayağı yalın.

Bir qərib sevgini apardı sazaq,

Biz ki, xatalıyıq, qadanız alım!

 

Dünya bizim üçün bircə xataydı,

Baxma ki, bir üzü yaşa gedirdik.

Hara gedirdiksə, xatamızı da,

Alıb çiynimizə qoşa gedirdik.

 

Bəlkə Yaradanın bir sirri idi,

Bir heyrət varıydı dərinliyində.

Biz şirin xatanın əsiri idik,

O da çatdayırdı şirinliyindən.

Bəlkə... Bir misranın qonağı idi,

Bəlkə verilmişdi bizə butaynan...

Bu qərib taleyi elə bilirdik,

Başa vurasıyıq şirin xataynan.

 

Xatanın bir əli, bir başı oldu,

Nə ondan, nə məndən həyan görmədi.

Adı xataların yoldaşı oldu,

Heç kim bu xatadan ziyan görmədi.

 

Böyüyüb at çapan sözdən xəbərsiz,

Lap xata yaşına çatıbmış, Allah!

Kimmiş, o xataya bizdən xəbərsiz,

Bu boyda şirinlik qatıbmış, Allah!

 

Hərdən danışanda, ürək sözümün,

Elə bilirəm ki, biri xatadır.

O xata tutmadı bulaq gözünü,

O xata o qədər şirin xatadır.

 

Yaşatdı, qoymadı gülüncə bizi,

Nəydi bu, bəlaynan qarmaqarışıq.

Yanaşı görməzlər ölüncə bizi,

Çünki aramızda şirin sevgini,

Şipşirin xataya bağışlamışıq.