Vahid Paşayev - DUYĞULAR

YAZARLAR 10:15 / 18.07.2025 Baxış sayı: 1198

...yayın orta--ən qızmar,qorabişirən ayında nə qədər yorğun olursan ol,hərarətin yüksək olmasından yatmaq olmur gecələr.Ha çevrilirsən o üz,bu üzə gözünə çimir getmir.Yatanları oyatmamaq üçün astaca qalxır,nazik köynəyini əyninə keçirir,çıxırsan bayıra və bir siqaret yandırıb baxırsan milyonlarla ulduzların qərarlaşdığı tərtəmiz,nöqsansız göyə.Bir tərəfdə də gecə böcəklərinin xor halında özlərinə məxsus səsləndirdikləri melodiya,...

Gözlərin ulduzlarda,qulağın böcəklərin ,,simfoniya"sında. Və qəflətən parlaq ulduzlardan birinin sürətlə ,,axdığının" şahidi olursan,melodiya unudular,fikrin qalır göydə,saysız ulduzların bir-birinə göz vurması axan ulduzun aqibətini unutdurur sənə.Havada bir azca ,,sınma" hiss olunur,sərin hava axınını da ünəyirsən.Göz qapaqlarının ağırlaşdığını duyursan.Gecənin keçməsinə baxmayaraq sənin kimi yata bilməyən qonşulardan birinin həyətindən qəm-kədər,şikayət qarışıq melodiyanın sədaları altında oturduğun yerdəcə yuxuya gedirsən.Gözünü xoruzların ilk banına açırsan,sübh çağının şehli havasından nəmlənən nazik köynəyinin boyunluğunu qaldırıb evə--yataq otağına keçir,bir saatdan sonra başlayacaq iş günü haqqında düşünür,gecəyarı qonşu həyətindən havalanan qəmli melodiyanın sədalarını xatırlayırsan.Oxuyan qadın müğənninin məlahətli səsi hələ də qulaqlarından getmir.