Sevinc Qərib : - ÖLSƏM BAĞIŞLA....

Ədəbiyyat 11:51 / 11.07.2023 Baxış sayı: 1658

 

Ölsəm bağışla, sevdiyim,

düşdüm dərdin yuvasına.

Yenə ağrıyla "kefdəyəm",

uçuram həb havasına...

 

Güclüdü dərdin qolları,

çıxammıram ağuşundan.

Yordum diklənən yolları,

endim ömrün yoxuşundan...

 

Ağrıyır saçımın dəni,

boş ovcumda qış qoxusu.

Ötürüb vaxtı-vədəni,

gəlir ömrümün yuxusu.

 

Yolları dincə qoymuşam,

çəkmələrim ayaqsızdı.

Dərdin üzünü soymuşam,

yaralarım boyaqsızdı.

 

Dabanlarım həsrət çəkir,

bir ovuc torpaq üzünə.

Baxışlarım ümid əkir

uzaqların qəm düzünə.

 

Can üstəyəm ölmürəm ki,

inadım var "qara yelə".

"Razılığa" gəlmirəm ki,

can borcum var əsir elə.