Sevil Azadqızı - ƏXLAQIN TƏMƏLİ SEVGİ İLƏ BAŞLAYIR
İnsanı insan edən, onu digər varlıqlardan fərqləndirən ən ali dəyər onun əxlaqıdır. Lakin əxlaq öz-özünə yaranmır, onun bir qaynağı, bir ruhu vardır, bu da sevgidir. Sevgi, insan varlığının mənəvi qidasıdır. Hər bir əxlaqi davranışın, hər bir nəcib hərəkətin arxasında sevgi dayanır. Əgər insan sevməyi bacarırsa, o artıq mərhəmətin, şəfqətin, səxavətin və ədalətin yoluna qədəm qoyur. Sevgisiz əxlaq, susuz torpağa səpilən toxum kimidir, görünüşcə toxum var, amma o cücərmir, yaşatmır, bəhrə vermir.
Əxlaqın başlanğıcı insanın öz içindədir. İnsan əvvəlcə özünə sevgi və hörmət bəsləməlidir ki, başqasına da eyni duyğunu göstərə bilsin. Özünə hörməti olmayan bir insan başqalarına hörmət edə bilməz. Özünü sevməyən, öz ruhunu qiymətləndirməyən bir insan başqasının ağrısını, sevincini və ehtiyacını da anlaya bilməz. Beləcə, əxlaq, sevginin insandan insana keçən təzahür formasıdır. Bir uşaq valideynin şəfqətindən, bir tələbə müəllimin qayğısından, bir xəstə həkimin mərhəmətindən əxlaqı öyrənir. Bütün bunlar sevginin fərqli görünümləridir.
Əgər cəmiyyətdə sevgi azalırsa, orada kobudluq, soyuqluq və laqeydlik artır. İnsanlar bir-birinə yadlaşır, qəlblər arasına məsafələr düşür. Hər kəs yalnız öz mənfəətini düşünür, bu zaman əxlaq zəifləyir, mənəvi dəyərlər arxa plana keçir. Amma sevginin hökm sürdüyü yerdə, insanın davranışları ilıq, sözləri yumşaq, niyyətləri saf olur. Sevgi insanın daxilindəki mənəvi gücü oyadır, onu başqalarının xoşbəxtliyini arzulamağa vadar edir. Əslində, əxlaq sevgidən doğan məsuliyyətdir,insan sevdiyinə zərər verməz, onun haqqına girməz, onu incitməz.
Sevgi həm də bağışlamağı öyrədir. Əxlaqlı insan səhv edənə kinlə yox, anlayışla yanaşır. Çünki o, bilir ki, hər kəs yanılır, hər kəsin qəlbi zərif bir məxluqdur. Bağışlamaq sevgidən doğan ən yüksək əxlaqi mərhələdir. Bu mərhələyə çatan insan artıq mənəvi azadlıq qazanır, qəlbində nifrətin yerini mərhəmət tutur. Sevgi həm də insanın ədalət hissini möhkəmləndirir. Sevgisiz ədalət sərt qanun kimidir, o qorxudur; amma sevgi ilə dolu ədalət insanı maarifləndirir, düz yola yönəldir.
Əxlaqın təməlində sevgi dayanır, çünki sevgi insanı öz “mən”indən uzaqlaşdırıb, “biz” anlayışına yaxınlaşdırır. İnsan artıq yalnız özünü deyil, başqalarını da düşünür. Bu düşüncə forması cəmiyyətin inkişafına, birlik və harmoniya yaranmasına gətirib çıxarır. Sevgisiz cəmiyyətlərdə isə insan ruhu zəifləyir, mənəvi dəyərlər tənəzzülə uğrayır.
Əxlaq həm də Tanrıya olan sevgidən başlayır. İnsan Yaradanı sevdikcə, Onun yaratdıqlarına da sevgi ilə yanaşır. Bu sevgi insanın içində məsuliyyət hissi yaradır, o, bilir ki, hər bir canlıya zərər vermək, bir ürəyi qırmaq, bir göz yaşına səbəb olmaq əxlaqsızlıqdır. Tanrı sevgisi insanın qəlbinə nur salır, o nuru isə davranışlarına çevirir. Sevgisiz iman, ruhsuz bədən kimidir; sevgisiz əxlaq isə dəyərsiz formadır.
Əxlaqın təməli, mahiyyəti və ruhu sevgidir. Sevgisiz insan nə qədər bilikli, nə qədər varlı, nə qədər nüfuzlu olsa da, mənəvi baxımdan kasıbdır. Sevgini yaşadan isə anlayış, şəfqət və mərhəmətdir. Hər bir cəmiyyətin, ailənin, fərdin mənəvi dirəyi sevgidir. Əgər biz bu sevgini qoruyub yaşatsaq, əxlaq da yaşayacaq, insanlıq da yüksələcək. Çünki insanın kamilliyi onun sevmə gücü ilə ölçülür; sevməyi bacaran insan — əxlaqın ən uca pilləsinə qalxmış insandır.